Qırmızı dənizdə fəaliyyət göstərən ticarət gəmisi cümə günü Yəmən sularına yaxın ərazidən keçərkən yaxınlığında iki raketin partladığını, lakin heç bir dağıntı və ya xəsarət olmadığını bildirib.
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təhlükəsizliyi Təşkilatının (UKMTO) bildirdiyinə görə, gəmidən Yəmənin Ədən şəhərinin 111 kilometrliyində, gəmidən təxminən 7 kilometr aralıda partlayış səsinin eşidildiyi və raketin göründüyü barədə xəbər alıb.
Qısa müddət sonra gəmi bu dəfə bir km-dən az məsafədə ikinci partlayışın olduğunu və raket müşahidə edildiyini bildirib. Raketlərdən heç birinin dağıntı və ya xəsarətə səbəb olduğu bildirilməyib və gəmi növbəti limana qədər hərəkətini davam etdirib.
UKMTO "koalisiya qüvvələrinin" "cavab verdiyini" desə də, heç bir detal təqdim etməyib.
Reuters xəbər agentliyi Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Ambrey"ə istinadən xəbər verib ki, bu, Panama bayrağı altında, Hindistana bağlı neft məhsulları daşıyan tanker olub.
Raket hücumları Britaniya və ABŞ-ın Yəməndə İranın dəstəklədiyi husi üsyançı məntəqələrinə yeni zərbələr endirməsindən bir həftə sonraya təsadüf edib. ABŞ ordusu hədəflərin radar qurğuları, raket buraxılış məntəqələri və ən əsası yeraltı silah anbarı olduğunu bildirib.
Zərbələr husilərin Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərən ticarət və hərbi gəmilərə hücumlarına cavab olaraq endirilib.
Cümə axşamı Britaniya və Birləşmiş Ştatlar dörd yüksək rütbəli Husi məmuruna qarşı sanksiya tətbiq edərək, onların ABŞ vətəndaşlarının nəzarətindəki hər hansı maliyyə aktivlərini ya dondurub, ya da bloklayıb.
Forum