Accessibility links

Fransa-Almaniya münasibətlərinin avro-məkana təsiri


Fransa ilə Almaniya arasında münasibətlər Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Bu ölkələrin liderləri uzun müddət Avropada valyuta böhranı meydana çıxanda əməkdaşlıq edirdilər. Lakin Fransua Ollandın hakimiyyətə gəlməsi ilə münasibətlərdə qeyri-müəyyənlik yarandı.

Dekabr ayının əvvəlində Avropa İttifaqı Nobel Sülh mükafatı alanda Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland həmrəylik işarəsi kimi birgə oturmuşdular.

Lakin bu iki Avropa ölkə liderləri arasında fikir ayrılığı mövcuddur. Analitik Filip Vayt deyir ki, onların arasında avro-məkan üçün nəyin yaxşı olması barədə fundamental fikir ayrılıqları var.



Filip Vayt: “Olland solçudur. Angela Merkel isə sağçıdır. Ollandın avro-məkanın istiqaməti barədə tamamilə fərqli baxışı var. Ötən altı ayda Fransa ilə Almaniya arasında yaranan gərginliyə səbəbin bir hissəsi məhz budur.”

Almaniya Avropada ən güclü iqtisadiyyata malik olan ölkədir. Kansler Merkel Avropa boyu maliyyə nizam intizamı və sərt ixtisarlar həyata keçirməyə çalışıb.
Lakin bu növ qeyri-populyar ixtisarlar geniş nümayişlərə səbəb olub.

İşsizliyin səviyyəsi yüksəkdir və ittifaqa daxil olan ölkələrdə iqtisadi böhran yaşanır.

Artan sayda siyasətçi və iqtisadçılar stimulsuz ixtisarların səhv olduğunu hesab edir.

Cənab Olland diqqətin iqtisadi stimullaşdırmaya yönəlməsinin tərəfdarıdır. Liderlər Avropa İttifaq bankı kimi instutlaşmış dəyişikliklərdə də fikir ayrılıqları ilə üzləşirlər.

Vayt deyir ki, fikir ayrılığı problemin davam etməsinə səbəb ola bilər.

Filip Vayt: “Düşünürəm ki, münasibətlər möhkəm qalmaqda davam edəcək. Fransua Olland Angela Merkelin dəstəklədiyi mikro-iqtisadi islahatlara daha az meyl göstərir. O, bankların mərkəzləşdirilməsi kimi dəyişikliklərə Almaniyadan az maraq göstərir. Yəni onlar birlik nümayiş etdirməyə çalışacaqlar. Amma çox çətin olacaq.”

Bəzi analitiklər Fransa və Almaniyanın birgə hərəkət etmədiyi təqdirdə avro-məkanda tərəqqinin gərgin keçəcəyindən ehtiyat edir.



Leyla Talani Londonda yerləşən King`s kollecində Avropa üzrə mütəxəssisdir.

Leyla Talani: “Avropanın inteqrasiya prosesinə dair hər mühüm qərar Fransa və Almaniya arasında həll olunur. Sözsüz ki, bu ölkələr arasında münasibətin yaxşılaşması böhranın həlli üçün mühüm şərtdir.”

Onun sözlərinə görə mövcud olan fikir ayrılıqları uzun sürməyəcək.

Almaniyada 2013-cü ildə ümumi seçkilər keçiriləcək. Sosial Demokratlar seçki sorğularında geridə qalır. Lakin onlar qələbə çala bilərlər.

Onların namizədi, Pir Steynbruk ixtisarların azaldılması və Avropa borclarının birləşdirilməsini dəstəkləyir.

Talani deyir ki, Fransa prezidenti və Steynbrukun lider seçilməsi avro siyasətə dəyişiklik gətirə bilər.

Leyla Talani: “Onların eyni məqsədə qulluq etməsi Avropa ölkələri tərəfindən müsbət qarşılanacaq və məncə, bu dəyişiklik bazar iqtisadiyyatını tənzimləyəcək.”

Bütün hallarda Almaniya və Fransa bazarları məmnun saxlamalıdırlar. Belə ki, sonda siyasi planlara təsir göstərəcək ən böyük amil iqtisadiyyatdır.
XS
SM
MD
LG