Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə təsis edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) son zirvə toplantısında artıq bu “qurumun beynəlxalq bir təşkilat olaraq adlandırmanın vaxtının gəldiyini” ifadə etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu Amerikanın Səsi ilə söhbətdə Türk Şurasının dövləti olmayan türk icmalarının da milli kimlik mücadiləsində effektiv ola biləcəyini vurğulayır.
Türk Şurasının öz varlığı türklərin mücadiləsində bir motivasiya qaynağı olmaqla bərabər, nə İran, nə Çin, nə də Rusiya ilə münasibətlərini qarşıdurma səviyyəsinə gətirib çıxaracaq fəaliyyətlərə keçməyəcək.
Türk Şurasının qeyri-rəsmi zirvə toplantısı martın 31-də onlayn olaraq keçirildi. Üzv ölkələr Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçıları ilə bərabər qurumun müşahidəçi üzvü Macarıstanın baş naziri, həmçinin qonaq iştirakçı olaraq Türkmənistanın prezidenti də qatıldı.
“Zirvə toplantısında önəmli qərarlar alındı. Alınan qərarlardan amac altı dövlət bir millət doktrinini əsas alaraq türk dövlətləri arasında iqtisadi, siyasi, elmi və hərbi strateji inteqrasiya prosesləri və qarşılıqlı fəaliyyətləri başlatmaqdır,” Yasəmən Qaraqoyunlu söyləyir.
O, Türk Şurasını dünyanın çoxqütblü bir düzənə doğru getdiyi bu dönəmə uyğun bir təşəbbüs olaraq dəyərləndirir:
“Dünya yeni bir düzənə gedir. Yeni bir sistem qurulur. Sovetlər Birliyindən öncə, soyuq savaş dönəmində ikiqütblü bir dünya var idi. Sovetlər Birliyindən sonra Amerikanın liderliyində təkqütblü bir dünya quruculuğuna başlanıldı. Amma bu tamamlanmadı. Son illərdə çoxqütblü dünya qurculuğuna doğru bir inkişaf var. Yəni, fərqli mədəniyyətləri, fərqli sivilizasiyaları təmsil edən güclü dövlətlərin meydana gəlməsi ilə çoxqütblü bir dünyaya keçiş baş verməkdədir. Belə bir dönəmdə müstəqil türk dövlətləri də öz qütblərini, öz mədəniyyətlərinə uyğun siyasi qurumlarını qurmaq uğrunda çabalar başlatdılar.”
Şübhəsiz ki, bu şurada türk dövlətlərinin ortaq mediası, ortaq hüquq qurumları və ortaq sivil təşkilatları dövlətləri olmayan türklərin haqlarını müdafiə edə bilər.
AMEA əməkdaşı əlavə edir: “Qarabağ savaşında əslində Türkiyə-Azərbaycan birliyi ilə Rusiya-Ermənistan birliyi arasında gedən savaşda qazanan Türkiyə ilə Azərbaycan oldu və bu, türk dünyasında çox ciddi təsir göstərdi.”
O, Türk Şurasının son zirvədə alınan qərarları Rusiyanın bölgədəki təsirini azaltmaq yönündə bir başlanğıc olaraq dəyərləndirir.
Qaraqoyunlu Türk Şurasının müəyyən şərtlərdə Rusiya, Çin və İran kimi ölkələrdə yaşayan türk icmalarının hüquqlarını müdafiə edə biləcəyini önə çəkir:
“Əgər Türk Şurası bizim istədiyimiz şəkildə ciddi inteqrasiyaya girsə, mən düşünürəm ki, bu qurum beynəlxalq hüquq çərçivəsində İrandakı türklüyün problemlərini də gündəmə gətirə bilər. Beynəlxalq bir qurum olduğu üçün media və beynəlxalq hüquq sahəsində onların mücadiləsində effektiv ola bilər. Həmçinin onların haqlarını müdafiə istiqamətində İran rejiminə də basqı edə bilər. Zatən İran Türk Şurasına üzv dövlətlərlə iqtisadi iş birliyi içərisindədir. Lakin bunun üçün çox sıx inteqrasiya prosesinə keçilməlidir. O inteqrasiya günümüzdə hələ bizim istədiyimiz şəkildə deyil. Sürəc başlanıb amma tamamlanmış deyil.”
Son illərdə çoxqütblü dünya qurculuğuna doğru bir inkişaf var. Belə bir dönəmdə müstəqil türk dövlətləri də öz qütblərini, öz mədəniyyətlərinə uyğun siyasi qurumlarını qurmaq uğrunda çabalar başlatdılar.
Yasəmən Qaraqoyunlu eyni zamanda Türk Şurasının Çin, Rusiya və İran kimi dövlətlər ilə problem yaşayacaq fəaliyyətlərə girməyəcəyini qeyd edir.
“Türk Şurasının öz varlığı türklərin mücadiləsində bir motivasiya qaynağı olmaqla bərabər, nə İran, nə Çin, nə də Rusiya ilə münasibətlərini qarşıdurma səviyyəsinə gətirib çıxaracaq fəaliyyətlərə keçməyəcək. Çünki bu şura hər hansı bir dövlət və ya hər hansı bir dövlətin maraqlarına qarşı qurulmamışdır. Amma şübhəsiz ki, bu şurada türk dövlətlərinin ortaq mediası, ortaq hüquq qurumları və ortaq sivil təşkilatları dövlətləri olmayan türklərin haqlarını müdafiə edə bilər. İstənilən halda Türk Şurasının varlığı türk kültürünün, dilinin və türk gücünün qorunmasına səbəb olacaqdır. Bu İrandakı türklər üçün çox önəmlidir,” Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı əlavə edir.