"Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik.”
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Yaqut Qarayeva deyib ki, ölkədə aktiv xəstələrin sayı 5 min 299 nəfərə, ümumi yoluxanların sayı 11 min 767 nəfərə çatıb:
“Biz iki həftə ərzində həftəsonu qapanmalarla bağlı təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, istədiyimiz məqsədi ala bilmədik, nəticəni görə bilmədik , tam əks nəticə oldu. Biz istəyirik ki, sosial aktivliyi, bir yerə toplanmanı azaldaq. Bu gün hər bir vətəndaş infeksiya mənbəyi ola bilər, virus tənəffüs yolu ilə yayılır. Bu gün xəstəliyin peyvəndi, spesifik müdalixəsi yoxdur”.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.
Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.
Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.
Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadılıb.
Operativ Qərargah bildirir ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iylun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Daha sonra Azərbaycanda virusun artması ilə bağlı iyunun 19-da Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq edilib. Ciddi karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq
Azərbaycanda xüsusi karantin rejimi 1 avqusta qədər uzadılıb.
Azərbaycanda dünən koronavirusa yoluxma rekord həddə çatıb
İyunun 19-da Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatıb. Belə ki, 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.