Yaponiyada doqquz nəfərin ölümünə səbəb olan zəlzələdən 24 saat sonra daha bir 7.1 bal gücündə zələzələ baş verib.
Cümə günü baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilsə də, artıq o xəbərdarlıq qaldırılıb.
Ən son titrəyiş zamanı yüzlərlə yardım işçisi bir gün öncəki zəlzələnin yaratdığı dağıntılarda axtarış işləri aparırdı.
Hökümət sözçüsü Yoşihide Suqanın bildirdiyinə görə, cümə axşamı binaların dağılması, 9 nəfərin ölümü, 800 nəfərin yaralanması ilə nəticələnən zəlzələdən sonra bərpa işlərinə 1600 əsgər, 2000 polis zabiti, 1300 yanğınsöndürən cəlb olunub.
Tokyodan 1300 kilometr uzaqlıqda yerləşən Kyuşu adasında Kumamoto şəhəri yaxınlığında baş verən 6.5 bal gücündə zəlzələdən sonra 100-dən çox yeraltı təkan qeydə alınıb.
Kumamoto rəsmisi 44 min nəfərin evlərindən qaçaraq gecəni sığınacaqlarda keçirdiyini bildirib.
Yardım işçiləri sağ qalanların axtarışını davam etdirir, rəsmilər isə ölənlərin sayının çox artmayacağını ehtimal edir.
Bəzi ərazilərdə su xidməti dayandırılıb və bu sakinləri suyu yaxınlıqdakı ofislərdən evlərinə daşımağa məcbur edib.
Zəlzələnin episentri Yaponiyanın faəliyyət göstərən yeganə nüvə elektrik stansiyasından 120 kilometr aralıda yerləşir. Lakin rəsmilər stansiyanın normal fəaliyyət göstərdiyini deyirlər.
Yaponiyanın digər nüvə reaktorlarının çoxu isə 2011-ci ildə sunamiyə səbəb olan 9.0 bal gücundə zəlzələdən sonra fəaliyyətlərini dayandırıb.