Hindistanın iki ştatının çökək ərazilərindən on minlərlə insan evakuasiya edilib və şərq sahillərinə doğru irəliləyən güclü fırtınadan qorunmaları üçün sığınacaqlara yerləşdirilib.
Hindistanın Meteorologiya İdarəsinin dediyinə görə, Yaas siklonu saatda 177 kilometrə qədər küləklə getdikcə sürətlənərək, "çox şiddətli bir fırtınaya" çevriləcək. Siklonun çərşənbə günü səhər Odişa və Qərbi Benqal ştatlarına çatacağı gözlənir.
Dağıdıcı koronavirus dalğası fonunda gələn siklon Hindistanın qərb sahillərini vuran və 140-dan çox insanın ölümünə səbəb olan Tauktaye siklonundan 10 gün sonra gəlir.
Hindistanın Fəlakətlərə Qarşı Milli Mübarizə Qüvvələrinin direktoru Pradhan evakuasiya və mümkün xilasetmə əməliyyatları üçün hər iki ştatın sahil bölgələrinə minlərlə təcili yardım işçisinin göndərildiyini deyib.
Hindistanın hərbi hava qüvvələri və hərbi dəniz donanması da yardım işlərini həyata keçirmək üçün hazır vəziyyətdə saxlanılıb.
Qərbi Benqal rəsmiləri on minlərlə insanın siklon sığınacaqlarına köçürməyə çalışdıqlarını, fırtınanın ştatın azı 20 bölgəsini təsirinə məruz qoyacağını bildirib.
Keçən ilin may ayında son on ildə Hindistanı vuran ən güclü fırtına Amfan Qərbi Benqal ştatı da daxil olmaqla, Şərqi Hindistanda 100 nəfərin ölümünə səbəb olub. Bu siklon Hindistanın şərqini və Banqladeşdəki kəndləri yerlə yeksan edib, təsərrüfatları dağıdıb və milyonlarla insanı elektriksiz qoyub.