Accessibility links

16 yaşlı ətraf mühit fəalı Qreta Thunberq Amerikaya qayıqla səyahət edir


Qreta Thunberq
Qreta Thunberq

Gənc fəal Nyu Yorkda İqlim sammitində iştirak edəcək

16 yaşlı isveçli ətraf mühit fəalı Qreta Thunberq Nyu Yorkda İqlim sammitində iştirak etmək üçün Birləşmiş Ştatlara Atlantik okeanı ekoloji qayıqla keçərək səyahət edir. Plimut limanından Atlantik okeanda səyahət iki həftə davam edəcək. Gənc fəal artıq solar enerji vasitəsilə işləyən qayıqla səyahətində yarı yolu qət edib. Maizia II adlı qayığın özəlliyi ətrafa çirkli tullantılar buraxmaması və yanacaqla işləməməsi ilə bağlıdır.

Səyahət zamanı Qretanı onun atası Svante, professional dənizçilər Boris Herrmann və Pyer Kasiragi, eləcə də sənədli film çəkən kinematoqraf Natan Qrossman müşayiət edir. (Atlantik okeanında qayığın hərəkətini burada izləmək mümkündür.)

Qreta Thunberq və qayığın ekipajı
Qreta Thunberq və qayığın ekipajı

Qreta Thunberq beynəlxalq miqyasda keçən il iqlim dəyişikliyi probleminin həllinə diqqəti yönəltmək üçün parlament qarşısında keçirdiyi təkadamlıq aksiyalardan sonra tanınmağa başladı. Yeniyetmə qız hər həftənin cümə günü məktəbə getməyərək, parlamenti atmosfer tullantılarının azaldılması məsələsinə diqqət yetirməyə çağırırdı.

Qretanın aksiyası İsveçdə çox sayda insan tərəfindən dəstəkləndi və bütün dünyada gənclərin iqlim hərəkatına təkan verdi. #FridaysforFuture (Gələcək üçün cümələr) heşteqi ilə keçirilən ətraf mühiti müdafiə kampaniyasına Almaniya, Yaponiya, Britaniya və Avstraliya da daxil olmaqla, dünyanın bir sıra ölkələrində milyonlarla gənc qoşuldu.

Qreta Thunberq ətraf mühiti müdafiə səylərinə görə beynəlxalq Amnesty International təşkilatının 2019-cu ildə “Vicdan səfiri” mükafatına layiq görülüb.

Qreta Thunberq Stokholmda İsveç parlamenti qarşısında "İqlim naminə tətil" aksiyası keçirir, 30 noyabr, 2018.
Qreta Thunberq Stokholmda İsveç parlamenti qarşısında "İqlim naminə tətil" aksiyası keçirir, 30 noyabr, 2018.

16 yaşlı fəal iqlim dəyişikliyi problemini insan hüquqlarının müdafiəsi ilə bağlı məsələ adlandırıb. BMT-nin baş katibi Antonio Quterreş Qretaya dəstəyini bildirərək, iqlim dəyişikliyinin bir çox insan üçün “həyat və ölüm məsələsi” olduğunu bildirib.

Qreta Thunberq Avropa İttifaqı rəsmiləri və Roma Papası Fransisklə, Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşüb.

Qreta Thunberq Strasburqda Avropa İttifaqının ətraf mühit komitəsinin iclasında çıxış edir, 16 aprel, 2019.
Qreta Thunberq Strasburqda Avropa İttifaqının ətraf mühit komitəsinin iclasında çıxış edir, 16 aprel, 2019.

Bu ilin may ayında Time jurnalı onu dünyanın ən nüfuzlu 100 adamı siyahısında göstərib. İsveç və Norveçdə ətraf mühit müdafiəçiləri bu ilin mart ayında Qreta Thunberqin Nobel mükafatına namizədliyini irəli sürüblər.

Qreta Thunberq dünyada milyonlarla gənc üçün nümunə olmaqla yanaşı, həm də daha təmiz və daha yaxşı dünya qurmaq işində çoxları üçün ümid simvoluna çevrilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG