Fevralın 19-da və 20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası olacaq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
Açıqlamaya görə, Azərbaycanı iclasda Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanmış və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradılıb.