Accessibility links

Xələf Xələfov: “Keşikçidağ” hissəsində sərhəd həmişə olub


Xələf Xələfov
Xələf Xələfov

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın açıqlamasına münasibət bildirib.

Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin müəyyən edilməsi üzrə komissiyanın son iclası haqqında danışarkən deyib ki, “komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmamasının vacibliyi məsələsini qaldırdıq.”

Xələf Xələfov isə jurnalistlərin sualının cavabında deyib ki, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olub.

“Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. “Keşikçidağ” hissəsində sərhəd həmişə olub. O, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu, qorunmaqda davam etdirilir.”

Nazir müavini bildirib ki, gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşir.

“Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu, hər bir tərəfin suveren hüququdur,” nazir müavini bildirib.

Mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın 12-ci iclası keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya başçılıq edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, görüşdə dövlət sərhəd xətti məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb. Habelə, tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar. Eləcə də, tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi, dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Razılaşmaya əsasən, komissiyanın növbəti iclasının Tbilisidə keçirilməsi nəzərdə tutulur, amma, hələlik, tarix açıqlanmayıb.

Azərbaycan və Gürcüstan arasında sərhəd SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Bu il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət edib. Bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.

Son günlər Gürcüstandan bir qrup insan "Keşikçidağ" mağara-kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.

Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Qoruq ərazisində 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var.

XS
SM
MD
LG