Accessibility links

Xol Qaraqaşlı kəndinin problemləri, narazı sakinlər və hökumət nümayəndələri


Xol Qaraqaşlı kəndinin narazı sakinləri
Xol Qaraqaşlı kəndinin narazı sakinləri

İyunun 20-də Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsində insanlar bələdiyyə sədrindən hesabat tələb etmək üçün toplaşıb. Bələdiyyə sədri isə narazı seçicilərin yox, öz tərəfdarlarının iştirakı ilə toplantı keçirib.

Kənd bələdiyyəsinin üzvü Vəfa Nağı da iclasa dəvət almayıb. Bələdiyyə sədri Əlibala Səlimovun bu hərəkətləri bir qrup kənd sakinində narazılıq doğurub. Bu qrup kənd sakinləri iddia edir ki, bələdiyyə sədri korrupsiyaya uğrayıb, rüşvət müqabilində bələdiyyə torpaqlarını icarəyə verir.

Narazı sakinlər bələdiyyə sədrinin hərəkətlərindən müxtəlif dövlət qurumlarına 60-dan çox şikayət məktubu ünvanlayıb. Amma, şikayətçilərin göstərdiyi faktlar araşdırılmayıb.

Bu gün kəndə gələn polis əməkdaşları ilk olaraq narazı insanların dediklərini və baş verənləri facebook vasitəsi ilə canlı yayan jurnalist Fatimə Mövlamlını saxlayıb. Jurnalist polis avtomobilində Neftçala rayonu ərazisindən çıxarılıb və rayon mərkəzindən təxminən 30 kilometr uzaqlaşdıqdan sonra sərbəst buraxılıb.

Kəndə gələn mülki geyimli vəzifəli şəxs seçilmiş bələdiyyə üzvü Vəfa Nağıya təzyiq edib, ondan kənd bələdiyyəsinin yerləşdiyi binanın ətrafından uzaqlaşmasını tələb edib.

“Bələdiyyə sədri iclasa xəstəxana və məktəb işçilərini dəvət edib. Məktəb direktoruna icra hakimiyyətindən Elşən müəllim təzyiq edib bir az, iclasa gətirmək üçün, hətta bələdiyyə sədri siyahı hazırlayıb, kimlər iclasda olmalıdır. Xəstəxana və məktəbdə işləyən təmizlikçi qadınlar iclasa qatılıblar. Məndə olan məlumatlara görə, xəstəxananın baş həkimi və məktəb direktoru getməkdən imtina edib. Təxminən 30 nəfər qapalı yerdə iclas ediblər. Heç bir polis bu iclası pozmağa cəhd etməyib, rahat iclasların ediblər. İclasdan çıxan təmizlikçi qadının biri atamın qarşısını kəsib, "Vəfaya de ağıllı olsun, bu kənddə bir kişi var, o da Əlibaladır", deyib. Atam da heç nə deməyib, belə provakasiyalara gedən adam deyil. Kənddəki kasıb insanları günahlandırmaq istəmirəm, bu insanlar o qədər pis yaşayırlar ki, bununla belə bələdiyyə sədrindən qorxurlar, yəni savadsızlıq, dünya görüşün az olması onların yox, ümumi problemidir bu ölkənin. Amma, siyasi aktivlik artıb kənddə, bu çox pozitiv haldır. Və doğurdan da nəticə var azdan-çoxdan, düşünürəm ki, heç nə hədərə getməyib,” Vəfa Nağı Facebook səhifəsində yayıb.

Kənddəki narazı insanlar bir neçə dəfə etiraz aksiyaları keçirib. Bələdiyyə sədrinin bələdiyyə torpaqlarını qanunsuz olaraq rüşvət müqabilində icarəyə verdiyi, oğlunun adına torpağ özəlləşdirdiyi, bələdiyyə mülkiyyətində qohumlarının istifadə etdiyi ilə bağlı faktları vəzifəli şəxslərin diqqətinə çatdırıb. Buna baxmayaraq hələ də narazı insanların şikayətlərinin araşdırılıb-araşdırlmaması barədə onlara məlumat verilməyib.

Rəsmi qurumlar hələ Xol Qaraqaşlı bələdiyyəsində baş verənlərlə bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG