Accessibility links

Azərbaycan və Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə məsləhətləşmələr keçirib


Xəzər dənizi
Xəzər dənizi

Dekabrın 27-də Bakıda Azərbaycan və Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov iştirak edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb və Xəzəryanı ölkələrin Zirvə Toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin Müşavirəsinə qədər sözügedən Konvensiya layihəsində açıq qalan bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulandı. Bu məqsədlə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün səmərəli yekunlaşması üçün birgə səylərin artırılması zəruririliyi qeyd edilib. Müzakirələr zamanı tərəflər bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair fikri bölüşüb.

Hər iki ölkə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyini qeyd edib.

XS
SM
MD
LG