Accessibility links

Xədicə İsmayılova: Sınaq müddəti şərti cəzadan niyə çoxdur?


Araşdırmaçı jurnalist Xədicə İsmayılova iyunun 6-da Azərbaycan onun işi üzrə hökmlə bağlı elektron sorğu göndərib.

Xatırladaq ki, mayın 25-də Ali Məhkəmə onun 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü ləğv edib, onu 5 il sınaq müddəti olmaqla, 3,5 il şərti cəza ilə əvəz edib.

Jurnalist bu qərara etiraz edir və Ədliyyə Nazirliyindən soruşur: indiyədək məhkəmə təcrübəsində sınaq müddətinin şərti cəza müddətindən çox olduğu hallar olub? Belə hallar olubsa, İsmayılova ona məlumat verilməsini xahiş edir.

O, hakim Seyfəliyevdən soruşur: niyə indiyədək onun işi üzrə məhkəmə qərarı Ali Məhkəmənin saytında yerləşdirilməyib?

“Mənə qərar göndərilməyib. Cəzaçəkmə müəssisəsində verilən çıxarışda şərti cəza ilə əlaqədar üzərimə hansı öhdəliklərin qoyulduğu göstərilməyib. Qərarın surətini göndərməyinizi, onu İnternetə yerləşdirməyinizi və məhə şərti cəza üzrə öhdəliklərimi izah etməyinizi xahiş edirəm”, İsmayılova yazır.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, təcrübəyə əsasən, sınaq müddəti cəza müddətindən qısa olmalıdır.

Vəkil Yalçın İmanov da bildirib ki, sınaq müddətinin şərti cəza müddətindən uzun olduğu hallar bilmir. “Burada ümumiyyətlə məntiq yoxdur, belə çıxır ki, cəza müddəti bitib, sınaq müddəti isə hələ davam edir”, o bildirib.

Vəkil hesab edir ki, qərar İsmayılovanın azadlığını mümkün qədər çox məhdudlaşdırmaq cəhdi ilə əsaslanıb.

Sınaq müddəti hüquqların məhdudlaşdırılmasını, o cümlədən xaricə getməyin qadağan edilməsini nəzərdə tutur. Bundan başqa, məhkum vaxtaşırı məhkəmə icraçılarının qeydiyyatından keçməli, yaşayış yerinin dəyişməsi haqqında məlumat verməli və onu razılaşdırmalıdır.

XS
SM
MD
LG