Accessibility links

Xədicə İsmayıl zəng edib (Bəyanatlar)


Xədicə İsmayıl
Xədicə İsmayıl

Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, tanınmış ictimai xadimlər, ziyalılar araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsini pisləyən bəyanatlarla çıxış etməkdə davam edir. Bəyanatları təqdim edirik.

İlk öncə jurnalistin telefon zəngi barədə:

Xədicə İsmayıl bu gün təcridxanadan “Azadlıq” radiosunun Azərbaycan xidmətindəki həmkarlarından birinə telefonla zəng edib.

AzadlıqRadiosunun məlumatına görə həbsinə toxunan jurnalist deyib:

Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq.

Xədicə İsmayıl

“Mən möhkəməm, siz də möhkəm olun. Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır. Çirkli və qara piar üçün nəzərdə tutulmuş ittiham irəli sürülüb. Ancaq bütün bunlara baxmayaraq, mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir”, X.İsmayılova bildirib.

O, hələlik saxlanma şəraitindən şikayətlənmədiyini bildirib.

***

Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Xədicə İsmayılovanın dərhal azadlığa buraxılmasına çağırıb. O jurnalist barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsindən narahat olduğunu bildirib.

Mən Xədicə İsmayılovanın və Avropa Şurasının Azərbaycandakı digər partnyorlarının dərhal azadlığa buraxılmasına çağırıram.

Torbyorn Yaqland

“Onun həbsi lazımsız idi. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, beynəlxalq ictimaiyyətə çoxmənfi mesaj göndərir. Bu, Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin necə ağır şəraitdə olduğunu göstərir və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinə ziddir.

Mən Xədicə İsmayılovanın və Avropa Şurasının Azərbaycandakı digər partnyorlarının dərhal azadlığa buraxılmasına çağırıram”-deyə baş katibin bəyanatında deyilir.

***

Avropa Şurasının insan hüquqları üzrə komissarı

Azərbaycan hakimiyyətinin jurnalist Xədicə İsmayılovanı həbs etməsini pisləyib.

Onun 9 oktyabr tarixli bəyanatında deyilir:

Mən onun həbsini qəti şəkildə pisləyirəm və buna hökuməti tənqid edənlərə qarşı cinayət hüququndan seçkili qaydada istifadə olunmasının növbəti təzahürü kimi baxıram.

Nils Mujnieks

“Tanınmış jurnalist, mənim ofisimin uzunmüddətli partnyoru Xədicə İsmayılovanın həbsi hüquq müdafiəçilərinin və Avropa Şurası ilə əməkdaşlıq edən digər hüquq müdafiəçilərinin repressiyalara məruz qalması ilə bağlı narahatlığımın əbəs olmadığını göstərir.

Mən onun həbsini qəti şəkildə pisləyirəm və buna hökuməti tənqid edənlərə qarşı cinayət hüququndan seçkili qaydada istifadə olunmasının növbəti təzahürü kimi baxıram.

Sonuncu dəfə X.İsmayılova ilə oktyabrda Bakıda görüşdüm. Onun qətiyyətli, həbs edilən və ya təqiblərə məruz qalanların hüquqlarının müdafiəsi ilə bağlı müsbət əhval-ruhiyyədə olduğunu gördüm.

Həbsindən bir necə saat əvvəl bir jurnalistin işi ilə əlaqədar mənim ofisimlə əlaqə saxlamışdı.

Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasına son qoymasının və öz fikrini ifadə etdiyinə görə həbs edilənlərin azadlığa buraxmasının vaxtıdır”, bəyanatda bildirilir.

***

“125”lər Klubu tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın azadlığını tələb edən bəyanat yayıb.

Müəlliflər ictimai həyatda kifayət qədər fəal olan insanların azadlıqdan məhrum edilmələrinin Klub üzvlərində ciddi narahatlıq yaratdığını vurğulayırlar.

Xədicə İsmayılovanın həbsi ölkədə fikir və ifadə azadlığına qarşı təzyiqlərin mövcudluğunun göstəricisidir.

"125"lər Klubu

“Azadlıq” radiosunun əməkdaşı, tənqidi yazıları ilə tanınan Xədicə İsmayılovanın həbsi ölkədə fikir və ifadə azadlığına qarşı təzyiqlərin mövcudluğunun göstəricisidir”, bəyanatda deyilir.

Müəlliflərə görə, belə həbslər ölkədə demokratik inkişafa, ölkənin beynəlxalq imicinə, problemlərin həllinə mane olur.

Son olaraq Klub üzvləri sivil və ədalətli mübarizəni ölkənin demokratik inkişafı üçün yeganə yol saydıqlarını bəyan edirlər. Müəlliflər vətəndaş həmrəyliyi, dialoq və barış, ölkənin beynəlxalq miqyasda mövqeyinin güclənməsi naminə həbsdə olan ictimai-siyasi fəalların azad olunmasını tələb edir.

XS
SM
MD
LG