Azərbaycanın tanınmış ictimai xadimləri araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsini pisləyən bəyanatlarla çıxış edib.
“Xədicə İsamyıl hansısa intihar halına görə yox, jurnalist fəaliyyətinə görə həbs edilib”, Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.
M.Qəhrəmanlı jurnaılsitin həbsini əsassız hesab edib. “Əgər intiharla bağlı həbslər varsa, sosal, hüquqi ədalətsizliyə görə təkcə metornun “Koroğlu” stansiyası yaxınlığındakı körpüdən özünü atmaqla neçə-neçə intihar anonsları olub, işdən azad edilməsilə bağlı özünü asan insanlar olub, indiyə kimi həbs ediblər ki, X.İsmaylı həbsə alırlar”.
O, həm də X.İsmayıla bu münasibəti hakimiyyətin ayrı-seçkiliyi kimi dəyərləndirib.
M.Qəhrəmanlı bir nəfər şəxsin sözü ilə hər hansı araşdırma aparılmadan, təhqiqat getmədən kimisə intihara təhrik etməkdə günahlandırmağı hüquqdan kənar addım hesab edir. “Bu həbslə hakimiyyət növbəti dəfə beynəlxalq tənqdi Azərbaycana yönəldir, növbəti dəfə ölkəni və xalqı tənqd hədəfinə gətirir, bu isə yolverilməzdir, nəticə etibarilə Azərbaycana qarşı arzuolunmaz tədbirlərə əl atılması ilə başa çata bilər"-deyə hüquq müdafiəçisi bəyan edib.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bildirir ki, Xədicə İsmayıl guya kişi cinsindən olan bir şəxsi özünüöldürmə həddinə çatdırdığına görə həbs olunub.
“Tural Mustafayev adlı bu şəxs bir dəfə evli olub, psixoloji problemlərinə görə boşanıb. Sonra nişanlanıb, nişanlısı onun psixikasında ciddi problemlər olduğu üçün nişanı qaytarıb və bu barədə mətbuata geniş müsahibə verib. Adam Maştağa ruhi dispanserində uzun müddət müalicə alıb, öz maşınına od vurub yandırıb və s. Guya intihar etmək istəyəndə də bunu hamının gözü
qarşısında Milli Parkda edib, qatıqla qarışdırıb mərgümüş (siçan dərmanı) içib. Qatıq və südün mərgümüşün təsirini ən azı iki dəfə azaltdığını bilə-bilə. Yəni, bu, bir şou idi. Hamıya da bunu keçmiş nişanlısına görə etdiyini deyib. Yəni, bu şou qızı geri qaytarmaq üçün olub. Sadəcə, hüquq-mühafizə orqnlarının əlinə Turalın gündəliyi keçib və orada onun intim həyatı ilə bağlı bəzi faktlar olub ki, bu barədə Xədicə özü məhkəmədə danışacaq. Xədicə məhz bu faktları açıqlayıb Turalı rüsvay etmək istəmədiyi üçün bu işlə bağlı prokurorluğa çağırıldığını ictimailəşdirmirdi. Turalı yəqin elə bu faktlarla şantaj ediblər, zəif, xəstə psixikalı adamları təsir altına salmaq və qorxutmaq çox asandır. Və beləcə, Xədicə İsmayıl olub "dövlət sirrini yaymaqla şəxsi intihar həddinə çatdıran!", G.Hacıbəyli qeyd edir.
Tanınmış hüquqşünas Aslan İsmayılov Facebook səhifəsində yazır ki, münasibətlərindən asılı olmayaraq Xədicə İsmayılın həbsini və ölkədə gedən bu susdurma tendensiyasını qətiyyətlə pisləyir.
“Həbs edilənlərin kimliyindən asılı olmayaraq baş verənlər böyük təhlükələrdən xəbər verir və əmin olun ki, heç kimdən yan keçməyəcək”.
Şərq-Qərb Araşdırmalar Məhkəzinin rəhbəri Ərəstun Oruclu jurnalistin həbsinin çox pis anons olduğunu bildirir.
“Bu həbs dövlətin siyasətini müəyyən etdiyini, onun inkişaf strategiyasını qurduğunu iddia edənlərin əslində nə qədər kiçik hisslərlə yaşadığını, hansı cılız işlərlə məşğul olduqlarını bütün çılpaqlığı ilə ortaya qoydu. Azərbaycan dövlətinin hər tərəfdən və hər sahədə sürətlə böhrana yuvarlandığı bir vaxtda onların ən təxirəsalınmaz tədbiri bu imiş”, o, Fasebook səhifəsində yazıb.
Dekabrın 5-də Səbael rayon Məhkəməsi jurnalist Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hakimlər üç saatdan çox müşavirədə qalıb və yalnız bundan sonra qərarı elan ediblər.
Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittihamı irəli sürülüb.
Jurnalist ittihamı qəbul etmir və bunu peşə fəaliyyəti ilə izah edir.