Bakı Apellyasiya Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Nurupaşa Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayət təmin olunmayıb.
Bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə qərar elan olunub.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin ailələrindən, vəkillərindən şərh almaq mümkün olmayıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirilmiş əməliyyatla bağlı məlumat yayıb.
Məlumatda nazirliyin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əməllərə yol vermələrinə dair şübhələr müəyyən edildiyi bildirilir.
F.Molla-zadə və S.Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, N.Abdullayev rüşvət almaqda ittiham olunurlar. Onların barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Məlumatda məhkəmənin qərarı əsasında adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlara baxış keçirildiyi və XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlərin, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillərin aşkarlandığı qeyd olunur.
F.Molla-zadə və S.Əlizadənin dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsədiyi, XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət aldığı iddia edilir.
İddialardan biri də şöbə rəisi N.Abdullayevin elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi müqabilində müntəzəm rüşvət alması ilə bağlıdır.
Bununla yanaşı, həbs olunan nazirlik əməkdaşları, onların ailə üzvləri və vəkilləri ittihama hələ münasibət bildirməyib.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Məmmədayrovun Nyu Yorkda iki oğluna məxsus ümumilikdə 4,2 milyon dollar qiymətləndirilən iki mənzilə aid olduğu iddia edilən sənədlərin görüntüləri yayılıb.
Azərbaycan rəsmi qurumları, hələlik, bu haqda geniş danışmır, ölçü götürülüb-götürülməyəcəyini bəyan etməyə tələsmirlər. Yalnız XİN sözçüsü nazir oğlunun bahalı əmlak almasını "şəxsi həyat" kimi dəyərləndirib.
İlham Əliyev məmurlara xəbərdarlıq edib
Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin edilən başçını qəbul zamanı yenidən vəzifəli şəxslərə xəbərdarlıq edib.
"Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” o qeyd edib.
DTX-nın əməliyyatları
DTX bundan öncə Mədəniyyət Nazirliyində və Dövlət Sərəd Xidmətində, həmçinin bir sıra rayon icra hakimiyyətlərində oxşar əməliyyatlar keçirib. Nəticədə yüksək vəzifəli şəxslər həbs edilib, mədəniyyət naziri vəzifəsindən uzaqlaşdırılıb.