AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saat şahid qismində ifadə verib. O, prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib.
Əli Kərimli prokurorluqda ifadə verdikdən sonra jurnalistlərə bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb, Azərbaycandakı müxalifət partiyalarından verilmiş saxta sənədlər araşdırılır.
“Hesab edirəm ki, bu işə görə partiyamız və şəxsən özüm zərəçəkmiş kimi tanınmalıyam. Çünki əslində bu saxta sənədləri verən adamlar partiyamıza qarşı qara piar üçün zəmin yaradır və hakimiyyət mediası, hakimiyyətin troll komandası bundan bizə qarşı istifadə edir. Ona görə biz də lazımi ifadələri verdik. İstintaqa bildirdik ki, biz hamıdan artıq maraqlıyıq ki, bizim adımızdan saxta sənəd verən şəxslər dərhal müəyyənləşsin, onlar məsuliyyətə cəlb olunsun".
O, eyni zamanda, ölkədə çoxsaylı korrupsiya faktlarının da araşdırlmasını istəyir.
“Amma bütövlükdə deməliyəm ki, ölkədə bu qədər nəhəng korrupsiya faktları gündəmdə olduğu halda, şəxsən özüm Respublika Prokurorluğuna dəfələrlə ağır cinayətlərlə, korrupsiya halları ilə bağlı müraciət etməyimə baxnmayaraq, o məsələlərin araşdırılmaması və əslində bu işdə mən və partiyanın funksionerləri zərəçəkmiş olduğumuz halda, gedib cinayətkarları axtarmaq əvəzinə, bizim istintaqa cəlb olunmağımız və bundan istifadə edib hökumət mediasında bizə qarşı qara piar kampaniyası aparılması partiyamıza qarşı təzyiqdir”.
AXCP sədri hesab edir ki, iqtidar onları istintaqa çağırmaqla qisas alır.
“Bu partiyamızın Millıi Şura ilə birlikdə keçirdiyi “Talana son! Korrupsiyaya son! Monarxiyaya son!” mitinqlərinə görə, bizdən qisas almaq cəhdidir, bizə qarşı qara piar üçün zəmin yaratmaqdır. Amma belə təzyiqlər, belə formalı müdaxilələr bizim fəaliyyətimizə mane ola bilməz. Biz doğru bildiklərimizi davam edəcəyik. Azərbaycanda gerçək korrupsiya ilə, qanunsuzluqla, cinayətkarlıqla mübarizəmiz bir an da səngiməyəcək”, o qeyd edib.
***
AXCP sədri saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirilib.
Əli Kərimli dindirilmədən öncə jurnalistlərə bildirib ki, bu, Milli Şuranın 8 aprel mitinqində “Talana, yalana, monarxiyaya yox!” deməyinə görə quraşdırılmış bir işdir.
“Bu işin bizə aidiyyatı yoxdur. Biz bu prosesdə əslində zərər çəkmişik. Çünki bizim təşkilatımızın adından müəyyən saxta sənədlər veriblər. İnternetdə bu saxta sənədləri verənlər barədə çox yazılıb. İstəsələr bizim iştirakımız olmadan da saxta sənədləri verənləri tapa bilərlər. O saxta sənədləri verənlər bizim reputasiyamıza zərbə də vurub. İndi isə bizim başımızı qatmaq istəyirlər. İstəyirlər ki, süni şəkildə bizim adımız bu prosesdə ən azı hallansın. Bu AXCP-yə qarşı növbəti bir mərhələdir. Amma, biz çox görmüşük belə işləri. Bunlar bizim “Talana, yalana, monarxiyaya qarşı mübarizəmizi durdura bilməz”, o qeyd edib.
Əli Kərimli AXCP adından saxta sənədlər verən şəbəkə ilə bağlı sualın cavabında deyib ki, mən də internetdən oxumuşam ki, belə bir qrup var.
“Onlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, əziyyət çəkib sənədləri əslinə belə heç oxşatmayıblar. Nə ekspert olmağa, nə xüsusi bir təhsliə ehtiyac var. İstənilən bir adam, adam kimi adam, oturub o sənədlərə baxsa, görəcək ki, bu saxta sənəddir”.
O, istintaqın AXCP-ni zərərçəkmiş kimi tanıması üçün müraciət edəcəyini bildirib.
Ə. Kərimlinin saxta sənədlərlə xarici ölkələrdə nə qədər adamın siyasi sığnacaq alması barədə məlumatı yoxdur.
“Bizə hansı xarici ölkənin diplomatik idarəsindən, miqrasiya idarəsindən müraciət olunubsa saxta olanları təsdiq etməmişik. Həqiqətən AXCP üzvü olanlar isə təsdiq olunub”.
O, AXCP üzvlüyünə son zamanlar qəbul olunanlardan üzr istəyib və deyib:
“Biz son iki ildə ümumiyyətlə üzvlük vəsiqəsi vermirik”, Əli Kərimli qeyd edib.