Səudiyyəli jurnalist Camal Xaşuqci qətlindən bir həftə öncə iştirak etdiyi konfransda bu sözləri demişdi: “Dəyişiklik ərəb despotları tərəfindən yol verilmis ağır səhvlər üzündən baş verəcək.”
Onun dostları Səudiyyə Ərəbistanının vəliəhdi ilə əlaqələri olduğu deyilən qatillər tərəfindən öldürülən Xaşuqcinin açıqlamalarını dəhşətli bir ironiya kimi qarşılayıb. Lakin onlar ümid edir ki, jurnalistin qətli Məhəmməd bin Salman üçün onun süqutuna gətirib çıxaracaq bir “səhv” olacaq.
“Vəliəhd üçün ən böyük təhlükə onun törətdiyi işdir”-deyə, Xaşuqcinin dostu, Vaşinqtondakı Ərəb Mərkəzi araşdırma qrupunun direktoru Xəlil Cahşan bildirib.
“O bunu dəstəkləyibsə, buna təşviq edibsə, ya da türklərin dediyi kimi, Camal konsulluğa daxil olan kimi telefonu götürübsə və Camalla danışıb, onu Səudiyyə Ərəbistanına qayıtmağa razı salmaq istəyibsə və o bunu rədd edibsə, bunlar qınanmalıdır. Onun qınanmasına səbəb onun öz hərəkətləridir”-deyə Xəlil Cahşan bildirib.
Rəsmi Ər-Riyad qətlin faicəli yanlışlıq nəticəsində baş verdiyini bildirib, lakin bunun kobud kəşfiyyat əməliyyatının nəticəsi olduğunu da deməkdə israr edir.
Krallıqda repressiyalar və sürgündəki dissidentlər
Səudiyyəli təhlilçilər və fəalların sözlərinə görə, Camal Xaşuqcinin üç həftə bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətli səudiyyəli dissidentlər arasında fəallığın yaranmasına səbəb olub və qətl hadisəsi krallığın monarx ailəsində vəliəhd üçün çətin sınaq ola bilər.
Dəyişiklik ərəb despotları tərəfindən yol verilmis ağır səhvlər üzündən baş verəcək.Camal Xaşuqci
Jurnalistin qətli kral ailəsi, xüsusilə də vəliəhdin tənqid edilməsi ilə bağlı qorxuların daha da artmasına səbəb olub. Fəalların bildirdiyinə görə, insanlar fərqli düşünənlərə qarşı amansız təqiblərə görə qorxu içindədir və rejimə qarşı nəsə deməkdən ehtiyat edir. Xaşuqcinin qətli Səudiyyə Ərəbistanı diasporunda da qorxuların yaranmasına səbəb olub.
Lakin bununla belə Səudiyyə Ərəbistanı xaricində yaşayan tanınmış dissidentlər cəsarətləniblər və bir zamanlar saraya yaxın adam olub, sonradan onun tənqidçisinə çevrilmiş Xaşuqcinin qətlinin unudulmayacağı və bunun nəticələri olacağına nail olmaq əzmindədirlər.
Onların əsas səyləri krallıqda ədalətsizlik və repressiyalara göz yummaqda ittiham etdikləri Qərb ölkələrinin Səudiyyə Ərəbistanının onların inandığı kimi qətlə əmr verən vəliəhdi xilas etmək cəhdlərinə kömək etməməsini təmin etməkdən ibarətdir.
Ərdoğanla bağlı ümidlər
Onlar öz ümidlərini əsas etibarilə Ərdoğanla bağlayır. Köməkçilərinin sözlərinə görə, Ərdoğan məsələyə şəxsi təhqir kimi yanaşır. Türkiyə prezidenti öz ölkəsində fərqli düşünənlərin təqib edilməsi və jurnalistlərin həbsə salınması ilə bağlı insan hüquqları müdafiəçiləri tərəfindən tənid edilir. Lakin belə görünür, Ərdoğan qətlin detallarının tam aydınlaşdırılması üçün Səudiyyə Ərəbistanına təzyiqləri davam etdirəcək.
Türkiyə prezidenti çərşənbə axşamı Xaşuqinin qətlinin təfərrüatları ilə bağlı açıqlamalar verərək, onun qətlinin əvvəlcədən planlaşdırıldığını bildirib.
Ölkə parlamentində çıxış edən Ərdoğan Xaşuqcinin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunu ziyarət etməsindən bir gün öncə baş verən hadisələrin detallarını açıqlayıb. O, konsulluqda Xaşuqci ilə görüşmək üçün İstanbula bir neçə nəfərdən ibarət komandanın gəldiyini və onların binanın təhlükəsizlik kameraları sistemindən sərt diski çıxardıqlarını bildirib.
Onun açıqlamalarında əsas məqamlardan biri vəliəhdin günahsız olmadığı ilə bağlı idi. Ərdoğan ad çəkməsə də, onun kimi nəzərdə tutduğunu aydın edərək deyib: “Mən kral Salmanın səmimiyyətinə şübhə etmirəm. Deyildiyi kimi, müstəqil təhqiqat aparılmalıdır. Bu, siyasi qətldir.”
Monarx ailəsində narazılıqlar
Xaçuqcinin qətli ilə əlaqədar suallara cavab verilməsi ilə bağlı təzyiqlər artdıqca, Səudiyyə Ərəbistanının özündə monarx ailəsində digət şahzadələrin vəliəhdlə bağlı narazılıqları da artmaqdadır. Onların çoxu Məhəmməd bin Salman tərəfindən kənarlaşdırılıb və buna görə ona nifrət bəsləyir. Təhlilçilərin fikrincə, vəliəhdin Səudiyyə Ərəbistanı ənənələrindən uzaqlaşaraq, tək idarəçilik istəyi və qərarlarla bağlı monarx ailəsində konsensusa çalışmaması onun özünə qarşı çevrilə bilər.
Keçən həftə Almaniyada öz istəyi ilə sürgündə yaşayan və digər şahzadələr kimi kənarlaşdırıılan Səudiyyə Ərəbistanı şahzadəsi Xalid bin Farhan Əl-Saud kral Salman bin Əbdüləzizi taxtdan onun qardaşı, şahzadə Əhməd bin Əbdüləzizin xeyrinə imina etməyə çağırıb.
Əhməd Səudiyyə Ərəbistanı kralının 31-ci oğludur və kral Salmanın Məhəmməd bin Salmanı vəliəhd elan etməsindən əvvəl taxta sahib olmaq üçün sırada növbəti şahzadə idi.
Məhəmməd bin Salmanın vəliəhd statusundan məhrum edilməsi üçün şura toplanmalıdır, lakin bu yalnız kral Salmanın razılığı ilə baş verə bilər. Qərbin reaksiyaları və Xaşuqcinin qətli ilə əlaqədar Səudiyyə Ərəbistanı haqda hansı cəza tədbirini tətbiq edəcəyi kralın qərarına təsir edəcək əsas faktorlar hesab edilir.