Accessibility links

Xəzərin səviyyəsi düşür, neftlə çirklənmiş ərazilər üzə çıxır


Xəzərin səviyyəsi 2005-ci illə müqayisədə 119 santimetr enib
Xəzərin səviyyəsi 2005-ci illə müqayisədə 119 santimetr enib

Bakı bulvarının ayrı-ayrı hissələrində Xəzərin (göl) quruması müşahidə olunur. Su çəkilən hissələrdə hətta çirklənmiş torpaq da açıq-aşkar görünməkdədir.

Rəsmi məlumata görə, son 500 ildə Xəzərin ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb-Dünya Okeanı səviyyəsindən mənfi 29 metr. Onun səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artıb. Lakin 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2020-ci ildə onun orta illik səviyyəsi 27.90 m qeydə alınıb.

"Enmə səviyyəsi ən çox bu il qeydə alınıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Turan”a bildirilib ki, Xəzər dənizinin (göl) səviyyəsi 2021-ci ildə 35 santimetr aşağı düşüb: "Xəzərin səviyyəsi 2005-ci illə müqayisədə 119 santimetr enib. Onun aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb… İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir. Alman və holland alimləri bununla bağlı araşdırmalar aparıblar. Əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə daha 9 və ya 18 metr aşağı düşə bilər".

Xəzərin səviyyəsi düşür
Xəzərin səviyyəsi düşür

"Volqa və Kür çaylarının səviyyəsi çox azalıb"

Ekoloq Rövşən Abdullayev isə AzadlıqRadiosuna bildirib ki, Xəzər dənizinin səviyyəsinin düşməsi bir neçə faktorlardan asılıdır: "Xəzərə tökülən çaylarda su çox azalıb. Xüsusilə Volqa və Kür çaylarının səviyyəsi çox azalıb. Digər səbəb isə Xəzər hissəsində olan buxarlanmadır".

O deyir ki, bu, çox ciddi problemdir: "Bəzi ekspertlər deyir ki, bu tektonik məsələdir və suyun səviyyəsi yenidən qalxacaq. Amma belə proqnozlar var ki, bu düşmə davam edəcək. İndi dəniz səviyyəsi mənfi 28.5-dir. Lakin ola bilsin ki, gələcəkdə bu rəqəm mənfi 37-38 olsun".

"Havanın çirklənməsinə səbəb olacaq"

Ekspertin sözlərinə görə, Xəzər dənizinin çox böyük əraziləri quruya bilər: "Bu da çox təhlükəli ola bilər. Balıqların kürülədiyi yerlər quruyub sıradan çıxacaq, balıqlar məhv olacaq, Abşeronda quruyan duzlu ərazilər boş qalacaq. Xəzər geri çəkiləndə neftlə çirklənmiş ərazilər üzə çıxır və buxarlanma baş verəndə bu, havanın çirklənməsinə səbəb olacaq. Ümumiyyətlə, proqnozlara görə, Xəzər heç vaxt əvvəlki qədər böyük olmayacaq".

XS
SM
MD
LG