Accessibility links

Xəzər dənizinin dibi ilə Türkmənistana fiber-optik rabitə xətti çəkilir


Transxəzər fiber-optik rabitə xətti
Transxəzər fiber-optik rabitə xətti

Bu gün, martın 11-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində rabitə operatorları "AzərTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Türkməntelekom" Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Sənədi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın "Türkmen Aragatnaşyk" Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzalayıb.

Bundan öncə, 2019-cu il noyabrın 28-də Aşqabadda keçirilən “Turkmentel-2019” 12-ci Telekommunikasiya sərgisi çərçivəsində tərəflər arasında Azərbaycan-Türkmənistan marşrutu ilə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin birgə çəkilməsi, sahib olması və istifadəsi üzrə fəaliyyətin təşkilinə dair dövlətlərarası saziş imzalanıb.

Kabel Siyəzən-Türkmənbaşı marşrutundan keçəcək. Marşrutunun uzunluğu 300 kilometrdir.

Bu layihə Azərbaycan və Türkmənistan vasitəsilə sonra Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana Avropanın internet mərkəzlərindən internet trafik həyata keçirməyə imkan verəcək.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov

AzerTelecom, Transtelecom və KazTransCom rabitə operatorları arasında isə 2018-ci ildə müvafiq üçtərəfli müqavilə imzalanıb.

19 mart 2019-cu ildə “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib.

2019-cu il noyabrın 19-da Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub.

Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 kilometr təşkil edəcək. Magistral kabel xəttinin məlumat ötürmə gücü 4-6 terabit/s-dən az olmayacaq. TransCaspian Fiber Optic hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Transxəzər Fiber-Optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Azerbaijan Digital Hub proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Layihə icrası 2021-2022-ci illərdə başa çatacaq.

AzerTelecom – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir.

XS
SM
MD
LG