Dekabrın 9-u Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür. Bu sahədə araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiya halları və hökumətin bu sahədə siyasətindən danışıb.
Amerikanın Səsi: Azərbaycan rəsmiləri son dövrlər ölkədə aparılan islahatların korrupsiyaya qarşı mübarizəni gücləndirdiyini bildirir. Siz necə hesab edirsiniz? Effektiv nəticə verirmi?
Təəssüf ki, 2006-cı ildən bu yana, guya prezident sərəncam da verib ki, gəlir, əmlak bəyannamələrinin hansısa forması hazırlansın, bu, hələ də havada qalıb.
Xədicə İsmayılova: Düzü, mən ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin şahidi deyiləm. Azərbaycanda bu, niyyətdə, əməldə görünmür. Mən korrupsiya ilə mübarizənin başlandığını o zaman görərəm ki, Azərbaycanda məmurlar, başda prezident olmaqla, ümumiyyətlə bütün məmurlar gəlir və əmlak deklarasiyalarını (bəyannamə-red.) bəyan etsinlər. Bundan sonra bilinər ki, məmurlar bizneslə məşğuldurlar və ya qeyri-qanuni hansısa gəlir götürürlər ya-yox. Təəssüf ki, 2006-cı ildən bu yana, guya prezident sərəncam da verib ki, gəlir, əmlak bəyannamələrinin hansısa forması hazırlansın, bu, hələ də havada qalıb. Qanunun tələbi var, amma yerinə yetirilmir və başda prezident olmaqla bütün məmurlar qanunu pozurlar. Mən korrupsiya ilə mübarizənin başlandığını onda hiss edərəm ki, ölkədə ədalətli məhkəmə sisteminin yaradılması üçün hansısa addımlar atılsın. Təəssüf ki, bu, baş vermir. Hələ də məhkəmələrə siyasi sifarişlər verilir. Hələ də məhkəmələr və hakimlər həm siyasi, həm də maddi maraq üçün qərarlar çıxarmaqda davam edirlər. Hakimlərin təyinatı da birbaşa prezidentin nəzarətindədir. Müstəqil məhkəmə sistemimiz yoxdur. Mən korrupsiya ilə mübarizənin başlandığını onda bilərəm ki, ölkədə “Rəqabət Məcəlləsi” qəbul oluna və o işlək bir qanuna çevrilsin, bu da bizim ölkəmizdə baş vermir. Mən korrupsiya ilə mübarizənin başlandığını onda bilərəm ki, məmurlar gəlir bəyannamələrini versinlər. Mən korrupsiya ilə mübarizənin başlandığını onda bilərəm ki, kommersiya hüquqi şəxlərin təsisçiləri barədə məlumatlar açıq olsun. Mən korrupsiya ilə mübarizənin başlandığını onda bilərəm ki, ölkədə büdcəyə nəzarət etmək üçün qeyri-hökumət təşkilatlarına şərait yaradılsın. Bizim ölkəmizdə bunların heç biri baş vermir. Mən boş bəyanatları və ya hansısa kosmetik yerdəyişmələri korrupsiya ilə mübarizə hesab etmirəm.
Amerikanın Səsi: Amma bununla yanaşı son dövrlər Azərbaycanda bir sıra kadrlar dəyişdirildi, nazirlər dəyişdirildi. Hökumət bununla da korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdiyini bəyan edir.
Guya islahat adı altında aparılan prosesin özü də başdan-ayağa nepotizm və korrupsiya ilə əhatələnib.
Xədicə İsmayılova: Amma baxın, kimlər və hara təyin olunurlar. Misal üçün, təyin olunan kadrlara baxaq. Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi-red.) haqqında araşdırma olmuşdu və Əli Nağıyevin özünün də “pulyuyan maşından” istifadə etdiyi bildirilmişdi. Onun ailəsinin biznesi olduğu ortaya çıxmışdı. Yəni, bu adam məmur ola-ola ailəsi hansısa biznes imkanlarından yararlanırdı. Bundan əlavə, təyin olunan başqa kadrlara baxaq. Şahmar Mövsümov (prezidentin köməkçisi, öncə Dövlət Neft Fondunun prezidenti-red) haqqında da araşdırmalar olub. Onun qardaşı ilə biznes əlaqələri barədə araşdırmalar olub. Təyin olunan bir çox yeni məmurların köhnə məmurlarla qohumluq əlaqələri var. Yəni prosesin özü hətta, guya islahat adı altında aparılan prosesin özü də başdan-ayağa nepotizm (burada qohumbazlıq, tayfabazlıq anlamındadır-red.) və korrupsiya ilə əhatələnib. Burada korrupsiya ilə mübarizə yoxdur. Burada, sadəcə fiqurların dəyişdirilməsi var, korrupsiya sistemi yerində qalır.
Amerikanın Səsi: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) çərçivəsində “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmalar dərc olunub. Bu araşdırmaların Azərbaycanda korrupsiyayanın səviyyəsinin aşağı endirilməsinə hər hansı təsirləri olubmu və ölkənin hüquq-mühafizə orqanları buna qiymət veribmi?
Orada çox ciddi cinayətlərdən söhbət gedirdi. Orada məmurların və onların övladlarının çox böyük məbləğlərdə ölkədən pul çıxarmasından söhbət gedirdi.
Xədicə İsmayılova: Mən həmin araşdırmaların həmmüəllifiyəm. Yəni, mən də o layihədə iştirak etmişəm. Oradakı yazıların həmmüəlliflərindən biriyəm. Təəssüf ki, orada yazılan heç bir fakta hökumət hüquqi qiymət vermədi. Nə hüquqi, nə də siyasi qiymət verildi. Orada çox ciddi cinayətlərdən söhbət gedirdi. Orada məmurların və onların övladlarının çox böyük məbləğlərdə ölkədən pul çıxarmasından söhbət gedirdi. Orada Rusiya ilə silah alveri ilə bağlı danışıqları aparmış bir məmurun oğlunun hesabına Rusiya Silah Eksport Şirkətinin səbəbi məlum olmayan pul köçürmələri olduğu barədə faktlar açıqlanmışdı. Orada açıqlanan faktların çox ciddi hüquqi qiymətə ehtiyacı var idi. Amma təəssüf ki, hökumət buna qiymət vermədi. Beynəlxalq Şəffaflıq Təşkilatı dünya üzrə çağırışlar etdi ki, buna qiymət verilsin, reaksiya verilsin, insanlar hüquqi məsuliyyətə cəlb olunsun. Amma burada da elə həmin təşkilatın yerli şöbəsinin rəhbəri, hörmətli Əliməmməd bəyin bu mövzuda heç səsini eşitmirik. Yəni, elə həmin təşkilatın özü də, hansı ki, araşdırmaların təşəbbüskarlarından biri idi, həmin təşkilatın özünün də yerli şöbəsinin rəhbəri hökumətlə xoş münasibətlər qurmaqla məşğuldir.
Amerikanın Səsi: Azərbaycanın dövlət rəhbərləri ASAN Xidmətin ölkədə korrupsiaya qarşı mübarizənin brendi olduğunu deyir. Sizin fikrinizcə, ASAN Xidmətin yaradılması korrupsiyanın azaldılmasına xidmət edibmi?
ASAN Xidmətin yaradılması ölkədə kiçik narazılıqların nisbətən azaldılmasına təsir göstərib. Bunu deməliyik.
Xədicə İsmayılova: ASAN Xidmətin yaradılması ölkədə kiçik narazılıqların nisbətən azaldılmasına təsir göstərib. Bunu deməliyik. Amma ASAN Xidmət, bir,- korrupsiyanın etirafı idi, iki, - korrupsiyanın rəsmiləşdirilməsi idi. Korrupsiyanı etiraf edəndə gərək, hökmən əvvəl mövcud olan korrupsioner sistemə də bir siyasi, hüquqi qiymət verilə idi. Bu baş vermədi. ASAN Xidmətdə nə baş verir? Əvvəllər rüşvət şəklində verilən pulları, indi adamlar rüsum şəklində verirlər. Hamı deyə bilər ki, bu, büdcəyə gedirsə, onda niyə problemdir? Biz onun hansı hissəsinin büdcəyə getdiyini bilmirik. Çünki ASAN Xidmətin özünün xərcləmələri şəffaf deyil.
Qeyd: Bu, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın fikirləridir. Rəsmi Bakı ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığını, hətta ölkənin bir neçə nazirinin iqtisadi cinayətkarlıq ittihamları ilə məsuliyyətə cəlb edildiyini bildirir. Dövlət rəsmiləri son dövrlər aparılan islahatların inhisarçılığın aradan qaldırılmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına, gizli iqtisadiyyatın aşkarlanmasına xidmət etdiyni bəyan edir. Hökumət bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.
Öz növbəsində, Şəffaflıq Azərbaycan Təşkilatının koordinatoru Əliməmməd Nuriyev Amerikanın Səsinə Xədicə İsmayılovanın onun hökumətlə “xoş rəftar qurmaq”la bağlı dediklərini təkzib edib. O, rəhbərlik etdiyi təşkilatın hər hansı korrupsiya faktına göz yummadığını bildirib.
"Şəffaflıq Azərbaycan təşkilatı öz nizamnaməsinə uyğun fəaliyyətdədir. Biz korrupsiyaya qarşı mübarizəni hər zaman Azərbaycan dövləti üçün prioritet hesab edirik. Hesab edirik ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da genişlənməlidir. Şəffaflıq Azərbaycan təşkilatının hər hansı bəyanatında hökuməti müdafiə edən hər hansı hal olmayıb. Şəffaflıq Azərbaycan Təşkilatı Azərbaycanda bütün qurumlarla əməkdaşlığı vacib hesab edir. Ona görə vacib hesab edir ki, əməkdaşlıq olmadan tərəflərə çatmaq mümkün deyil” , o qeyd edib.