Accessibility links

Xədicə İsmayılova: Hökumətin görünməyən reaksiyası - OCCRP-nin veb səhifəsi bloklanıb


Xədicə İsmayılova: Hökumətin görünməyən reaksiyası - OCCRP-nin veb səhifəsi bloklanıb
please wait

No media source currently available

0:00 0:13:37 0:00

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsi

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində Avropa Məhkəməsinin qərarlarının icrası, ölkədə korrupsiya və korrupsiyaya qarşı mübarizədən danışıb.

Amerikanın Səsi: Avropa Məhkəməsi sizin daha bir şikayətinizi təmin edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarlarını yerinə yetirirmi?

hökümətin mənə 44 min 500 avro borcu var.

Xədicə İsmayılova: Bu mənim Avropa Məhkəməsində qələbə qazandığım dördüncü işdir. Avropa Məhkəməsinin bu qərarı `Səs` qəzetinin və digər hökümət qəzetlərinin mənim haqqımda apardığı qarayaxma kampaniyası ilə bağlı idi. Avropa Məhkəməsinin bu qərarı göstərir ki, azad mətbuatın nümayəndəsinin qarayaxma kampaniyası ilə, qara piyar ilə qısnanması söz azadlığından istifadə deyil. Biz bu işdə həm də onu sübut etmişik ki, `Səs` qəzeti media deyil. Bu, hökümətin özüdür. Çünki `Səs` qəzetinin qurucusu Əlincə Cəmiyyətidir. Əlincə Cəmiyyətinin rəhbəri Siyavuş Novruzovdur. Əlincə Cəmiyyəti YAP-ın yaradıcılarındadır. Biz sübut etmişik ki, `Səs` qəzeti media deyil. Bizim məhkəmə işimiz mediaya qarşı məhkəmə işi deyil. Bu məhkəmə qərarı onu göstərdi ki, kimisə təhqir etmək, bu, söz azadlığından istifadə deyil və bu, heç bir halda belə qiymətləndirilə bilməz. Mən siyasətçi və yaxud hökümət nümayəndəsi olmadığım üçün mənə bu cür münasibət ümumiyyətlə yolverilməzdir. Avropa Məhkəməsinin qərarının məğzi budur. Bu qərarla mənə 4500 avro kompensasiya kəsilib. Üst-üstə əvvəlki qərarlarla bir yerdə mənə ödəniləcək kompensasiyanın məbləği 44 min 500 avrodür. İndiyə kimi hökümət mənə cəmi 6 min avro kompensasiya ödəyib. Amma onlar da mənim bank hesabımda ilişib qalıb. Çünk bank hesabım dondurulub. Hələ bundan sonra hökümətin mənə 44 min 500 avro borcu var. Çünki bundan əvvəlki iki qələbəmdən dolayı ödənməli olduqları kompensasiyanı ödəməyiblər. Artıq müddətlər keçib. Hökümət gecikdirir. Buna görə də yəqin ki, hökumət Avropa Bankının məzənnəsi ilə mənə bunun cəriməsini ödəməli olacaq. Amma qəsdən, bilərəkdən bunu ödəmirlər. Əgər hökümətin pulu yoxdursa biz dünən icra başçısı Vilyam Hacıyevin otağından qutu-qutu avroların çıxarıldıqlarını gördük. Orada pul var. Oradan götürüb ödəsinlər.

Amerikanın Səsi: Siz yenə də ölkədən xaricə buraxılmadığınızı bildirirsiniz və bunu yerli məhkəmələrdə mübahisələndirirsiniz. Azərbaycandan xaricə buraxılmamağınızın səbəblərini necə izah edərdiniz?

Bütün bunlardan məhrum etməklə məni incitdiklərini düşünürlər. Bəli incidirlər. Amma mən də məhkəməyə verirəm.

Xədicə İsmayılova: Mən ölkədən çıxışına qadağa qoyulmuş yeganə jurnalist deyiləm. Mənim bir neçə həmkarım, o cümlədən Şahvələd Çobanoğlu da ölkədən buraxılmır. Mənim barəmdə bu qərar onunla bağlıdır ki, mən şərti cəza altındayam. Mən dəfələrlə bunu mübahisələndirmişəm. Təəssüf ki, hökümət bu qərarını da dəyişmək niyyətinin olmadığını göstərir. Hətta mənim bildiyimə görə diplomatik xətlərlə də müzakirə olunur. Amma hətta onlara hökümət bəzən yalan məlumat da verir ki, guya artıq götürülüb, artıq mümkündür. Sonra mən məhkəməyə müraciət edəndə məlum olur ki, yox, qadağa qalıb. Hökümət hətta diplomatik danışıqlarda bununla bağlı yalana da əl atır. Mən hesab edirəm ki, bu qərar birbaşa yəqin ki, ən yuxarı səviyyədə verilən qərarlardır. Mən fikirləşirəm ki, onlar düşünürlər ki, mənim beynəlxalq səviyyədə ünsiyyət imkanımın olması onlara ziyanlıdır. Onlar belə hesab edirlər. Mən çalışıram ki, bunu internet vasitəsilə mümkün qədər bərpa edim. Amma yenə də üzbəüz kontaktların yerini heç nə vermir. Bundan başqa mən treyninq imkanlarından məhrumam. İşləmək imkanından məhrumam. Mən həm də beynəlxalq təlimçiyəm, jurnalistlərə təlimlər keçirdim. İndi o təlimləri keçə bilmirəm. Bu o deməkdir ki, mən buna görə pul qazana bilmirəm. Bütün bunlardan məni məhrum etmək, o cümlədən, mənim şəxsi həyatımla bağlı məhrumiyyətlər gətirir. Bütün bunlardan məhrum etməklə məni incitdiklərini düşünürlər. Bəli, incidirlər. Amma mən də məhkəməyə verirəm. Sonra ümid edirik ki, Avropa Məhkəməsi o işlə də bağlı qərarını açıqlayacaq.

Amerikanın Səsi: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi yeni araşdırmasında Azərbaycan hökumətinin üzvü, konkret olaraq nazir Azad Rəhimovun korrupsiya və insan əməyinin istismarı ilə bağlı qalmaqalın mərkəzində olduğunu gostərir. Lakin hökümət sankı bu tədqiqatı səssiz qarşılayıb. Bunu necə dəyərləndirərdiniz?

Hökumət bununla bağlı beynəlxalq tənqidlərə bir də cavab verməli olacaq, bəs bu idman yarışlarının keçirildiyi arenalar qul əməyinin hesabına tikilib, bu nazir korrupsiya ilə məşğuldur.

Xədicə İsmayılova: Azərbaycan höküməti indiyə kimi bizim bütün araşdırmalarımızı səssiz qarşılıyıb. Yəni görünən reaksiyası olmayıb. Görünməyən reaksiyası ondan ibarət olub ki, hal-hazırda OCCRP -nin veb səhifəsi bloklanıb. 2017-ci il Landromat araşdırmasından dərhal sonra bloklanıb. OCCRP ilə işləyən jurnalistlərin hər biri təzyiqə məruz qalıb, mən özüm də daxil omaqla. OCCRP-də işləyən və OCCRP–nin qurucusu olan adama təlimə gəlmək üçün viza verməyiblər. Hətta hansısa məhrumiyyətlər yaratmağa cəhd ediblər. OCCRP saytına troll hücumları olub. Hökümət əslində səssiz reaksiyasız qalmır. Sadəcə özünü görməməzliyə vurur. Bunu imitasiya edir. Amma əslində reaksiyasız qalmır, adətən araşdırmalara. Bu araşdırmaya gəlincə, əslində biz çoxdan izinə düşmüşdük. 2010-cu ildə biz Azadlıq radiosunda işləyərkən həmin `bosniyalı qullar`ın buradakı taleyi ilə maraqlandıq və həmin vaxtı təsadüf idi ki, bir QHT-də miqrassiya mərkəzi də bununla məşğul idi. Biz eyni vaxtda çox böyük səs-küylə, davamlı reportajlarla və s. həm də beynəlxalq diqqəti oyatmağa nail olduq. Hökümət həmin qul kimi işlədilən adamları evlərinə yola saldı. Amma onların maaşları ödənilmədi. Onlara edilən mənəvi iztirablar və bunların hamısı cəzasız qaldı. Bundan sonra dəfələrlə məhkəmə işləri oldu. Həmin o məhkəmə işləri ilə bağlı da maraqlanırdıq. Amma ortada məchul qalan bir şirkət var idi, bunları bura gətirən o şirkət kimindir? Bu araşdırma onu göstərir ki, OCCRP-dakı həmkarlarım üzə çıxardılar ki, uzağa getmək lazım deyil. Şirkətin sahibi elə nazir Azad Rəhimovun həyat yoldaşıdır. Bu onların ailə şirkətidir. Burada iki cinayət var. Bir insan alveri, insan əməyinin istismarı ilə məşğul olublar. İkinci cinayət də odur ki, Azad Rəhimov sərəncamında olan büdcə pullarını özünün ailə şirkətinə xərcləyib. Bunun özü də korrupsiya cinayətidir. Hökumət cavab vermir. Amma, hökümət elan etdi ki, Formula ilə bağlı növbəti yarışı da keçirmək niyyətindədir. Beynəlxalq yarışlar ideyasından əl çəkmirlər. Mən güman edirəm ki, növbəti belə meqa yarışlar keçiriləndə və həmin yarışların sərəncamcısı Azad Rəhimovun rəhbərlik elədiyi qurum olanda, onda hökumət bununla bağlı beynəlxalq tənqidlərə bir də cavab verməli olacaq, bəs bu idman yarışlarının keçirildiyi arenalar qul əməyinin hesabına tikilib, bu nazir korrupsiya ilə məşğuldur. Bura gələn qonaqla hələ də bu nazirin öz postunda çiçəklənməsinə tövhə vermək istəyirlərimi, yoxsa-yox. Bu burada bitən məqalə deyil. Bundan sonra da hər dəfə beynəlxalq idman yarışı olanda bu reportajlara istinadlar olacaq.

Amerikanın Səsi: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Landromat araşdırması etdi. Bunun nəticəsi oldumu?

Tamamilə saxta qaldırılmış cinayət işi idi. Çünki hər şeyi bu kiçik adamın üstünə atdılar və artıq həbsdə olan adamın üstünə atdılar.

Xədicə İsmayılova: Təəssüf ki, görmədik. Mənim bildiyimə görə müxtəlif Avropa ölkələrindən, xüsusilə də Estoniyada hansında ki, bu Danski bankın şöbəsi fəaliyyət göstərirdi və Latviyadan. Çünki orada da bir bank bağlandı. Həmin ölkələrdən sorğular gəlmişdi Azərbaycan hökümtinə və mən bilirəm ki, bir cinayət işində həmin sorğulara istinad olunub. Həmin cinayət işində əvvəllər tamamilə başqa işə görə həbs olunmuş iki nəfər var, yenidən bütün günahları atdılar onların üstünə. Sırf bank əməliyyatları ilə bağlı cinayət hissəsində yenidən onların illərinin üstünə il artırıb söhbəti bağladılar. Bütün o cinayət işlərində, onların məhkəmə proseslərində o suallar açıq qaldı. Məlum oldu ki, prokurorluq bu sualları verməməkdən ötrü bu sualların səslənməməsi üçün əlindən gələni edib ki, yuyulan pullar kimin pulları idi. Bax bu sualın cavabı bütün o cinayət işlərində açıq qaldı. Bu tam məbləği əhatə eləmirdi. Bu, xırda hissəsi idi. Tamamilə saxta qaldırılmış cinayət işi idi. Çünki hər şeyi bu kiçik adamın üstünə atdılar və artıq həbsdə olan adamın üstünə atdılar. Bu bir məsələ. İkinci məsələ o korrupsiya hallarında konkret nazirlərin adı çəkilirdi. Elə Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəis müavini, indi DTX-nın sədri olan Əli Nağıyevin də adı çəkilirdi. Onlarla bağlı heç bir tədbir görülmədi. Baş nazirin müavini Yaqub Eyyubovun ailəsi ilə bağlı olduqca ciddi faktlar var idi. Onlarla bağlı heç bir tədbir görülmədi. Bütün bu məsələlər hamısı cavabsız qaldı. Hökümət reaksiya vermədi. Bu, hökümtin adəti üzrə elədiyi taktikadır. Hökümət sadəcə OCCRP-nin blokunu bağladı ki, Azərbaycanda daha heç kim oxuya bilməsin. Azərbaycanda oxumurlar, bütün dünyada oxuyurlar. Həmin o Landramat araşırmasına görə Avropa Şurasında qalmaqal oldu, kimlərsə orada ömürlük vəzifə tutmaq imkanından məhrum oldular. O cümlədən bəzi deputatlar ki, illərlə orada hökümətin sövdələşmələri ilə məşğul idilər. O deputatlar daha oraya düşmədi. Hətta bizim ölkəmizdəki bəzi çirkli işlərlə məşğul olan adamlar üçün də bunun nəticəsi oldu. Amma daha çox oradakı o çirkli pulların yuyulmasında iştirak edən xarici banklar, şirkətlər, rüşvət alan deputatlar daha çox onlar əziyyət çəkdilər. Haqlı olaraq əziyyət çəkdilər. Amma heç bir nəticəsi olmadı da deyə bilmərik.

Qeyd: Azərbaycan hökuməti ölkədə insanların qanunvericilik qarşısında bərabər olduğunu, vətəndaşların mövqelərinə, o cümlədən tənqidi fikirlərinə görə təqib olunmadığını bildirir. Hökumət həmçinin korrupsiyaya qarşı davamlı mübarizə apardığını bəyan edir. Dövlət rəhbərləri hökumət üzvlərinin belə qanunsuz hərəkətlərinə görə məhkəmələr qarşısında cavab verdiklərini bildirir. Bununla yanaşı OCCRP-nin landromat araşdımaları ilə bağlı bri çox ölkələrdə cinayət təqibləri olsa da Azərbaycan hüquq mühafizə orqanları hələ də adları keçən vəzifəli şəxslərlə bağlı araşdırma aparmayıb.

XS
SM
MD
LG