Fevralın 28-də Vaşinqtonda yerləşən Woodrow Wilson Alimlər Mərkəzində tarixçi Cəmil Həsənlinin Stalin və Soyuq Müharibənin Türkiyə Böhranı, 1945-53 kitabının təqdimatı keçirildi. Birləşmiş Ştatların nüfuzlu tarixçilərinin qatıldığı tədbirdə cənab Həsənli yenicə nəşr olunmuş kitabının başlıca qayələri və Soyuq Müharibə haqda qlobal biliyə töhfələri haqda danışdı.
Cəmil Həsənlini auditoriyaya Vilson Mərkəzində Soyuq Müharibə layihəsinin direktoru Christian Ostermann təqdim etdi. O, bu kitabın Cəmil Həsənlinin Soyuq Müharibə mövzusunda ABŞ-da çap olunan ikinci kitabı olduğunu qeyd etdi. Nadir arxiv tapıntılarınna əsaslanan kitablarında cənab Həsənlinin yeni tezislər irəli sürdüyünü deyən Ostermann azərbaycanlı tarixçinin Soyuq Müharibə mövzusunda qlobal miqyasda ən nüfuzlu tarixçilərdən birinə çevrildiyini söylədi.
Daha sonra söz alan Cəmil Həsənli Ostermanna və başqa amerikalı tarixçilərə onunla elmi araşdırma istiqamətində yaxından əməkdaşlıq etdiklərinə görə təşəkkür etdi. Cənab Həsənli Stalin və Soyuq Müharibənin Türkiyə Böhranı, 1945-53 kitabı üzərində tədqiqatın Türkiyə, ABŞ, Britaniya və Rusiya arxiv sənədlərinə əsaslandığını bildirdi. Onun sözlərinə görə Qərb tarixçiləri bir qayda olaraq Soyuq Müharibənin başlanğıcını 1946-cı ildə diplomat Corc Kennanın anonim dərc etdirdiyi Uzun Teleqram, 1947-ci ildə Truman Doktrinası, və Marşall Planı ilə izah edirlər. Amma Sovet-İran və Sovet-Türkiyə münasibətlərinin 1945-ci ildə, İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonrakı durumu göstərir ki, əslində ABŞ-ın sovetlərlə ilk toqquşmaları məhz bu regionda cərəyan edib. Sovet diktatoru İosif Stalinin İran, Türkiyə və Çin hökumətlərinə qarşı etnik kartdan istifadə edərək ərazi iddiaları irəli sürməsi başda ABŞ olmaqla Qərbli müttəfiqlərin müqaviməti ilə qarşılaşdı.
1945-ci il, iyunun 7-də Xarici İşlər üzrə Xalq Kommissarı Vyaçeslav Molotov Türkiyənin Moskvadakı səfiri Selim Sarperi Kremlə çağıraraq sovetlərin Türkiyənin şərqinə olan ərazi iddialarını təqdim etdi. İyunun 18-də Molotov və Sarper ikinci dəfə görüşdülər. Molotov Sarperə SSRİ-nin türk boğazlarına hərbi baza inşa etmək məramı və Dardanel və Bosfor boğazlarının birgə nəzarətə götürülməsi haqda planlarını açıqladı. 18 avqustda xarici işlər idarəsi Türkiyədən qoparılaraq Ermənistan və Gürcüstan SSR-larına veriləcək əraziləri müəyyən etdi ki, bunlar əsasən Qars, Ərdəhan və Artvin vilayətlərini əhatə edirdi. İosif Stalinin belə bir sürətlə Türkiyəyə qarşı təcavüzkar məramlar sərgiləməsi müttəfiqlər üçün tamamilə gözlənilməz idi. Əslində sovetlərin Türkiəyəyə qarşı istifadə etdikləri metodlar – hədə-qorxular, psixoloji təzyiq, rəqibin hərbi imkanlarını gərmək - sonradan Soyuq Müharibə dönəmində kommunist dövlətinin düşmən hesab etdiyi ABŞ və onun müttəfiqlərinə qarşı əl atacağı metodlara oxşarlığı ilə seçilirdi.
Cəmil Həsənli qeyd etdi ki, Sovet İttifaqının Yunanıstana dair siyasəti Türkiyə, İran və Şərqi Türküstandakı siyasətindən əhəmiyyətli şəkildə fərqlənirdi. Yunanıstandan fərqli olaraq, sovetlər Türkiyədə, yaxud İranda kommunist hökumətin qurulmasında maraqlı deiyildilər. Stalin sadəcə cənub qonşularının sayəsində SSRİ-nin hüdudlarını genişləndirməyə çalışırdı. Belə görünür ki, əslində Türkiyə böhranının başlıca müəllifi Stalin özü idi. Müşavirlərinin düşüncəsinin əksinə gedərək Sovet diktatoru şəxsən israr edirdi ki, Türkiyənin əraziləri ilhaq edilsin. Məsələnin bu cür qoyuluşu türkləri imdad üçün ABŞ-a üz tutmağa və sonda NATO-ya daxil olmağa sövq etdi.
Cəmil Həsənli hesab etdiyini bildirdi ki, Stalin Türkiyəyə qarşı ərazi iddialarında kifayət qədər ciddi idi və bunu həyata keçirmək üçün hərbi qüvvədən istifadə etməyə hazır idi. Amma Türkiyənin Qərblə sürətlə yaxınlaşması onu bu məsələdə tərəddüd göstərməyə məcbur etdi. Belə ki, Stalin Türkiyəyə qoşun yeritməklə Qərblə açıq konfrontasiyaya girmək istəmirdi. Öz növbələrində amerikalılar Türkiyəyə himayə olmaq üçün başlıca şərt olaraq Türkiyənin demokratikləşdirilməsi tələbi ilə çıxış edirdilər. Rəsmi Vaşinqton Ankaraya aydın etdi ki, yalnız azad və ədalətli seçkilər keçiriləcəyi və demokratik hökumət formalaşacağı təqdirdə Amerika Türkiyəyə qahmar çıxacaq.
Cəmil Həsənlinin təqdimatından sonra Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivində araşdırmalar üzrə direktor Malcolm Byrne kitaba şərh verdi. O, Stalin və Soyuq Müharibənin Türkiyə Böhranı-nın qiymətli yeni faktlarla dolu olduğunu və tarixçiləri Soyuq Müharibə haqda oturuşmuş baxışlara yenidən nəzər salmağa dəvət etdiyini bildirdi. Cənab Byrne-nin şərhlərinin ardınca Cəmil Həsənli auditoriya iştirakçılarının kitabla əlaqədar suallarını cavablandırdı.