Accessibility links

Qadın, ailə, karyera və liderlik istəyi


Qadının ailə həyatı və karyera arasında seçimi bu günlər Amerikada yenə də geniş müzakirə obyektidir. Bu dəfə mövzunu gündəmə Facebook şirkətinin əməliyyatlar üzrə direktoru, 43 yaşlı işgüzar qadın Şeril Sendberq gətirib. Xanım Sendberq "Qadın, iş və liderlik istəyi" (“Lean In: Women, Work and the Will to Lead”) adlı yeni kitabında qadınların ailə və karyera arasında seçimləri və bu seçimləri edərkən qarşılaşdıqları problemləri izah edir.

Amerikada bir neçə ay bundan əvvəl Prinston universitetinin professoru Enn Mari Sloterin “Qadınlar nə üçün hər şeyə malik ola bilmir” adlı məqaləsi cəmiyyətdə böyük əks-səda doğurmuşdu. Dövlət Departamentində yüksək vəzifə tutan xanım Sloter ailəsi və övladlarına kifayət qədər vaxt ayıra bilmək üçün karyerasından imtina edərək Prinston universitetində akademik fəaliyyətə qayıtmışdı. Məqaləsində xanım Sloterin gətirdiyi əsas müddəalardan biri o idi ki, övladı olub işləyən qadın-analar yüksək vəzifələr tutub, karyera qura bilirsə, bunlar ya qeyri-adi qadınlardır, ya böyük maliyyəyə malikdir, ya da öz bizneslərinin sahibidir. Professor Sloter qadınlar;n karyeralarının ən mühüm bir dövründə ailə və uşaqların xeyrinə qərar verməli olduğunu yazıb və iş və ailə arasında balans yaratmağın əslində çox vaxt mümkün olmadığını izah edib.

Müəllif geniş müzakirələr doğurmuş məqaləsində Amerika cəmiyyətində karyera və iş mədəniyyətinə dair mövcud mövqeyə görə qadının bu dilemmanı həll edə bilməkdə çətinlik çəkdiyini göstərib. Qadının bu dilemmanı həll edə bilməsində cəmiyyətdəki stereotiplər Facebook şirkətinin əməliyyatlar üzrə direktoru Şeril Sandersin yeni kitabında təhlil edilir. Xanım Sanders qadınların nəyə görə yüksələn xətlə karyera qura bilməməsinin səbəblərini araşdıraraq, öz təcrübəsindən misallar gətirir.

Şeril Sandberq Forbes jurnalının ən zəngin qadınlar siyahısında onuncu yeri tutur, ailəlidir, iki övlad anasıdır və gözəl karyera qura bilib. Lakin buna baxmayaraq, o, qadınların geniş imkanlara malik olduğu ABŞ-da belə onların hakimiyyət strukturlarında yüksək vəzifələrdə çox az təmsil olunması məsələsi ətrafında ciddi polemika aparır. Şeril Sanders kitabında statistikalar gətirir. 2012-ci ildə ABŞ Senatına ilk dəfə olaraq 20 qadın seçilib. Senatın 100 üzvündən 20-nin qadın olması, ya da qadnıların 18 faiz təmsil olunması mühüm bir inkişaf kimi qarşılansa da, qadınlar bunun kifayət olmadığını deyir. Dünyaya baxdıqda da vəziyyət eynidir. Dünyada192 dövlət başçısından yalnız 17-i qadındır. Forbes jurnalının 500 nüfuzlu iş adamı arasında cəmi 21 qadın var. İcraçı direktorların isə yalnız 14 faizi qadındır. Bütün bunlar qadınların universitet məzunlarının 57, magistraturanı bitirmiş tələbələrin isə 63 fazini təşkil etdiyi bir fonda baş verir.

Sandberq qadınların ailə və iş arasında balans yaratmasına yer versə də, kitabın əsas hissəsini qadınların ümumi stereotiplərdən yaxa qurması üçün ata biləcəyi addımlardan bəhs edir. Onun gəldiyi əsas nəticə ondan ibarətdir ki, dünya hələ də güclü kişilər tərəfindən idarə edilir və bu, cəmiyyətdə təkcə kişilərin özləri deyil, elə qadınların da böyük hissəsi tərəfindən normal qəbul edilir. Şeril Sanders tamamilə haqlı olaraq qız və oğlanlara artıq uşaqlıq illərində münasibətin fərqli olduğunu, cəmiyyətdə qadınların özlərinə yol açmasında daha çox problemlərlə qarşılaşdığını deyir.

Sanders qadınlara problemləri açıq müzakirə etməyi tövsiyə edir və karyera quran qadınların cəmiyyətdə güclü mövqe tutmasının bütün qadınlar üçün əhəmiyyətini vurğulayır. Bununla yanaşı, o, ailədə vəzifə bölgüsü məsələsini ortaya qoyur və maliyyə məsuliyyəti və uşaqların tərbiyəsinə hər iki valideynin bərabər vaxt ayırmasını təklif edir. Bununla müəllif ailədə qadının evdarlıqla bağlı bütün yükü öz üzərinə götürməsi və maliyyə məsuliyyətinin kişi tərəfindən daşındığına görə özünü günahkar hiss etməsinə son qoyula biləcəyini düşünür.

Şeril Sandersin kitabında irəli sürdüyü fikirlər bir daha cəmiyyətdə qadının ailə və iş arasında balans yarada bilməsi və yüksək rəhbər vəzifələr tutmaq üçün irəli gedə bilməsi məsələləri ətrafında müzakirələrin canlanmasına səbəb olub. Facebook şirkətinin prezidenti Mark Zukerberq Sandersin problemə baxışlarını kifayət qədər real adlandırıb. Bu real baxışlardan real addımlar və real nəticələrə qədər qarşıda uzun və mürəkkəb yolda hələ çox qadın ailə və karyera arasında balans tapmalı olacaq.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG