Milli İdarələrarası Yanğın Mərkəzi bazar ertəsi Birləşmiş Ştatlarda 843,124 hektar ərazini əhatə edən 94 meşə yanğının baş verdiyini bildirib.
Mərkəzin bildirdiyinə görə, ölkə üzrə yanğınlarla mübarizəyə 27 mindən çox yanğınsöndürən və yardımçı heyət cəlb olunub.
Ən böyük yanğınların Kaliforniyadan əlavə, Oreqon, Vaşinqton, Nevada, Aydaho və Yuta ştatlarında baş verdiyi ilə bağlı xəbərdarlıqlar verildiyi bildirilib.
Bazar ertəsi Ağ Ev X-də yanğınlara reaksiyası ilə bağlı bəyanat yayıb:
"Yanğınsöndürənlər Kaliforniyada və Sakit Okeanın şimal-qərbində meşə yanğınları ilə mübarizə apararkən, bizim administrasiya yanğının söndürülməsi səylərini dəstəkləmək üçün resursları səfərbər edib. Biz ön xəttdə olan yanğınsöndürənlərə və ilk müdaxilə edənlərə minnətdarıq və zərər çəkmiş ərazilərdəki hər kəsi ayıq-sayıq olmağa və yerli rəsmiləri dinləməyə çağırırıq".
Kaliforniyada bir neçə dairəni əhatə edən Park Fire yanğını ölkədə ən böyük meşə yanğını olub. O həm də Kaliforniya tarixində altıncı ən böyük yanğın idi.
Kaliforniyanın Cal Fire kimi tanınan Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti bazar ertəsi səhər Park Fire yanğınının "gecəyə qədər aktiv qaldığını", lakin səhər tezdən "rütubətin artmasının yanğının aktivliyini orta səviyyəyə endirdiyini" bildirib.
Bununla belə, Cal Fire cənub-qərb küləkləri və rütubətin aşağı olması səbəbindən Park Yanğınının bazar ertəsi yenidən güclənəcəyinin gözlənildiyini bildirib.
Bazar ertəsi səhərə qədər Park Yanğını Los-Anceles şəhəri ərazisindən daha böyük, təxminən 150 min hektar ərazini bürüyüb.
Forum