Accessibility links

Ağ Ev Türkiyə-Ermənistan sərhəddinin Suriya qaçqınları üçün açılmasına çağırılır


Ağ evin veb səhifəsində Suriya qaçqınları üçün Türkiyə-Ermənistan sərhəddinin açılmasına dair imza kampaniyası başlanıb.

Obama administrasiyasına müraciətdə Suriyada vətəndaş müharibəsində 60 mindən çox insanın həlak olduğu, 500 mindən çox insanın qaçqın düşdüyü deyilir. Petisiyada göstərilir ki, Suriyada 200 min erməni yaşayır və onların böyük hissəsi təhülkəsizlik səbəbləri, yaşayış və iş imkanları tapmaq üçün Ermənistana gəlmək istəyir.

Türkiyə-Ermənistan sərhəddinin Suriya qaçqınları üçün açılmasına çağıran petisiyada Suriyadan Ermənistana uzanan yolun Türkiyədən keçdiyi, Türkiyənin isə Ermənistanla sərhəddi 1993-cü ildən bağladığı deyilir. Prezident Barak Obama administrasiyasına ünvanlanmış petisiyada Ağ ev rəsmilərinə sərhəddin açılması ilə bağlı müraciət edilir. “Sizdən Türkiyəni qeyd-şərtsiz Ermənistanla sərhəddi (heç olmasa qaçqınlar üçün) açmağa çağırmanızı istəyirik. 21-ci əsrdə sərhədlər bağlı olmamalıdır”-deyə petisiyada yazılır.

Prezident Obama administrasiyası hakimiyyətinin ilk dönəmində Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və diplomatik münasibətlərin bərpası səylərinə dəstək vermişdi. Diplomatik prosesin bir hissəsi kimi Türkiyə-Ermənistan sərhəddinin açılması nəzərdə tutulurdu. Türkiyə münasibətlərin normallaşması və sərhəddin açılmasının Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması şərtilə mümkün ola biləcəyini bəyan etmişdi. Türkiyə Ermənistanla sərhəddi 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına etiraz olaraq bağlamışdı.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı “We the People” səhifəsində yerləşdiriliş petisiyanın nəzərdən keçirilməsi üçün ona 25 mindən çox adamın imza atması lazımdır.
XS
SM
MD
LG