İran polisi və hərbi qüvvələri şənbə günü Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində su qıtlığına etirazları əngəlləmək üçün əsas küçələri qapadıb. Etirazların planlaşdırıldığı küçələrdə həbslərin baş verdiyi bildirilir.
Ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində təqribən 10 gündür baş qaldıran kütləvi aksiyalarda bir neçə etirazçı öldürülüb.
Türk fəallar keçən həftədən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri dağıdaraq əhalini şənbə günü iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, axşam saatlarında Urmiyənin Ətayi küçəsində saxlanılanlardan Əşkan Səadətmehr və Əkbər Quluzadə bir neçə saat sorğu-sual edildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılıblar. Tutulanların məmurlar tərəfindən döyüldüyü bildirilir.
Şənbə günü Təbrizdə baş tutan etiraz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad ittihad”, “haray haray mən türkəm” kimi şüarlar səsləndiriblər. Təbrizdə etirazlara qatılan bir çox vətəndaş həbs edilib.