Vəkil Elçin Sadıqov Bayram Məmmədovla görüşə buraxılmayıb.
Sadıqov facebook səhifəsində yazıb ki, aprelin 1-də Bayram Məmmədovla görüşmək üçün Daxili İşlər Nazirliyinin İnzibati həbs olunan şəxslərin saxlanılma məntəqəsinə gedib.
“Görüş üçün sənədləri təqdim etdim, təxminə 20 dəqiqədən sonra bildirdilər ki, otaqları dezinfeksiya etdiklər üçün üçüncü günə qədər görüş verilməyəcək,” o qeyd edib.
Martın 30-da 13 gün əvvəl prezidentin əfv sərəncamı il azadlığa çıxan gənc fəal Bayram Məmmədova 30 sutka inzibati həbs verilib. O İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edilib.
Məmmədovun ailəsi ittihamın saxta və sifariş olduğunu bildirib.
“Bayram Məmmədovu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırdılar. Bayram və mən birlikdə 12-ci Polis Bölməsinə getdik. Oradan Bayramı Sabunçu rayon Polis İdarəsinə apardılar. Sonra isə onu Sabunçu rayon Məhkəməsinə apararaq İnizbati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutka inzibati həbsə məhkum ediblər”, gənc fəalın atası Fərman Bayramov Amerikanın Səsinə bildirib.
“Bayramın polisin qanuni tələbinə tabe olmamasından söbət gedə bilməz. Əksinə, o, şifahi çağırışa əməl edərək polis bölməsinə gedib,” ata əlavə edib.
Bunda öncə, Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb.
Rəsmi qurumlar onları narkotikdə ittiham edib. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.
Gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası mərhum Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs ediliblər. Bu hadisəyədək hər il Heydər Əliyevin ad günündə (mayın 10-da) onun abidəsi önündə “Gül bayramı” keçirilirdi, çoxsaylı müxtəlif növ güllər, gül çəlləngləri, güldən düzəldilmiş müxtəlif əsərlər nümayiş etdilirdi.
Onların hər iksi bu il martın 16-da prezidentin imzaladığı əvf sərəncamı ilə azadlığa buraxılıb.