Accessibility links

Vladimir Zelenski prezident kimi and içib, parlamenti buraxıb


Vladimir Zelenski
Vladimir Zelenski

Ukraynalı televiziya ulduzu Vladimir Zelenski bazar ertəsi ölkənin yeni prezidenti kimi and içib. O, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı müharibəni dayandıracağına söz verib və dərhal parlamenti ləğv edib. O, parlamenti yalnız özlərini zənginləşdirməkdə maraqları olan qrup adlandırıb.

Həyatım boyu ukraynalıların gülməsi üçün əlimdən gələni etmişəm. Növbəti beş il ərzində də ukraynalıların ağlamaması üçün əlimdən gələni edəcəm.
Vladimir Zelenski

41 yaşlı Zelenski seçki kampaniyası zamanı vəd etdiyi kimi Ali Radanı ləğv etmədən öncə də Ukrayna siyasətindəki bəzi ənənələri dəyişib.

O, inaqurasiyasına ənənəvi kortejlə getməkdən imtina edərək, parlamentə doğru insanlarla dolu parkın içi ilə piyada gedib. Dörd cangüdən tərəfindən mühafizə olunan Zelenski bəzi insanlarla əl-ələ görüşüb və hətta onlardan biri ilə selfi çəkdirib.

Parlamentlə bağlı qərarını açıqlamadan öncə Zelenski Ali Radanı qeyri-qanuni zənginləşməyə qarşı qanun layihəsi qəbul etməyə və onun ölkənin müdafiə naziri, Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı və baş prokuroru vəzifələrindən azad etmək təklifini dəstəkləməyə çağırıb. Onun vəzifədən kənarlaşdırmaq istədiyi insanların hər üçü sabiq prezident Petro Poroşenkonun müttəfiqləridir. Poroşenko seçkidə böyük səs fərqi ilə heç bir siyasi təcrübəsi olmayan komediya ustası Zelenskiyə məğlub olub.

Zelenski inaqurasiya çıxışında Radaya bildirib ki, onun prezidentlik dövründə əsas məqsədi beş ildir hökümət qoşunlarının Rusiyanın dəstəklədiyi separatçılara qarşı döyüşdüyü şərqi Ukraynada sülhü bərpa etməkdir.

“Mən qəhrəmanlarımızın orada ölməməsi üçün hər şeyi etməyə hazıram. Mən sülhün olması üçün populyarlığımı və lazım olsa vəzifəmi itirməyə hazıram”, o deyib.

Vladimir Zelenski and içir
Vladimir Zelenski and içir

Vladimir Zelenski ötən ay keçirilən seçkidə səslərin 73 faizini qazanıb. İllərdir populyar televiziya şousunda Ukrayna prezidenti obrazını canlandıran Zelenski Ukraynanın post-sovet dövründə ən gənc prezidentidir.

Yeni prezident parlamentdəki çıxışını komediyaçı kimi karyerası ilə bağlı sözlərlə yekunlaşdırıb.

“Həyatım boyu ukraynalıların gülməsi üçün əlimdən gələni etmişəm. Növbəti beş il ərzində də ukraynalıların ağlamaması üçün əlimdən gələni edəcəm”, Zelenski bildirib.

XS
SM
MD
LG