Accessibility links

Vitse-prezident Kamala Harris ABŞ-Meksika sərhədinə səfər edib


ABŞ-ın Vitse-prezidenti Kamala Harris cümə günü ilk dəfə olaraq ABŞ-Meksika sərhəddinə səfər edib. Səfərin məqsədi administrasiyanın ABŞ-a gəlməyə çalışan miqrantların sayının artmasına mane olmaq, eləcə də Mərkəzi Amerikadan köçün əsas səbəblərini araşdırmaqdır. Bu, Harrisin vitse-prezident olaraq sərhədə ilk səfəridir.

Harris əvvəlcədən elan edilmədən Paso del Norte sərhəd girişinə səfər edib. O orada kimsəsiz uşaqların saxlanıldığı ərazi də daxil olmaqla miqrantların qeydə alındığı mərkəzə baş çəkib.

O orada son iki ildir vəziyyətin yaxşılaşdığını bildirən sərhəd patrul agenti ilə söhbət edib.

Vitse-prezidenti Milli Təhlükəsizlik naziri Alehandro Mayorkas müşayət edib.

Sərhədi ziyarət etmədən əvvəl Harris Texasın El Paso şəhərində ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi (CBP) müəssisəsində dayanaraq nümayəndə Veronika Eskobar ilə də görüşüb.

“Burada olduğum üçün şadam. Buraya gəlmək həmişə planda idi və düşünürəm ki, yaxşı bir gün keçirəcəyik” deyə Harris El Pasoya çatdıqdan sonra bildirib.
Vitse-prezident həmçinin CBP müəssisəsində beş miqrant qızla da görüşüb.

Kamala Harris bu ayın əvvəlində Qvatemala və Meksikada səfərdə olduğu zaman miqrantlara açıq şəkildə "ABŞ-a gəlməyin" deyə səslənmişdi.

Lakin sözügedən ölkələrdən əlavə Honduras və El Salvadordan olan minlərlə insan ölkələrində olan yoxsulluq və cinayyətdən yaxa qurtarmaq üçün ayaqla ABŞ sərhədinə gəlir.

ABŞ sərhəd agentləri son on ildir olduqca yüksək sayda sənədsiz miqrantlarla qarşılaşıb. Təkcə may ayı ərzində sərhədi keçməyə cəhd edən 180 min miqrant saxlanılıb. Bu rəqəm mart və aprel aylarında 170 min olub.

Miqrantların əksəriyyəti Ekvador, Venesuela, Kuba, Haiti və bəzi Afrika ölkələrindən gələnlərdir.

XS
SM
MD
LG