Accessibility links

Vəfa Quluzadə: Amerika problemə prezident səviyyəsində qarışıb təşəbbüsü əlinə almalıdır


Vəfa Quluzadə: Amerika problemə prezident səviyyəsində qarışıb təşəbbüsü əlinə almalıdır
Vəfa Quluzadə: Amerika problemə prezident səviyyəsində qarışıb təşəbbüsü əlinə almalıdır

Rusiya maraqlıdır ki, imitasiya edib, danışıqlar görüntüsü yaratsın və Azərbaycan torpaqlarını işğal altında saxlasın. Amerika problemlərin həlli prosesinə prezident səviyyəsində qarışmasa Rusiya özbaşınalığını davam etdirəcək. Bu və başqa fikirlərlə Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət Müşaviri Vəfa Quluzadənin Amerikanın Səsi radiosuna müsahibəsində tanış olun.

Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət Müşaviri Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, danışıqlarda Rusiyanın rolu, Amerikanın danışıqlarda aktivlik göstərməsinin vacibliyi və Rusiyanın regiona təsirləri barədə danışıb.

Sual: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlarda yaranmış indiki situasiyanı necə qiymətləndirirsiniz?

Cavab: Hazırkı situasiyanı tamamilə uğursuzluq kimi qiymətləndirirəm. 18 il davam edən danışıqlarda heç bir irəliləyiş yoxdur. Danışıqlar əvəzində imitasiya gedir. Həmsədr dövlətlərin nümayəndələri kəşfiyyatçı kimi münaqişəni hərtərəfli öyrənib. Əsasən, Amerikanın nümayəndəsi Robert Bradkeni deyirəm. O, öz hökumətinə real vəziyyəti gərək məruzə etsin. Amerika bu problemə prezident səviyyəsində qarışıb təşəbbüsü öz əlinə almalıdır. Əgər, Amerika təşəbbüsü öz əlinə ala bilməsə, bu halda təşəbbüskar Rusiya qalacaq. Hazırda da təşəbbüs Rusiyanın əlindədir. Rusiya da maraqlıdır ki, imitasiya edib, danışıqlar görüntüsü yaratsın və Azərbaycan torpaqlarını işğal altında saxlasın. Nə hərb, nə sülh məsələsini istənilən qədər uzadıb, özü güclənəndən sonra bütövlükdə Qafqazı və regionda müstəqilliyini qazanmış keçmiş respublikaları yenidən müstəmləkəsinə çevirsin. Rusiyanın belə xülyaları, ideyaları var. Ona görə də, Rusiya istəmir ki, nə Dağlıq Qarabağ, nə Dnestryanı, nə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemlərində irəliləyiş baş versin. Hətta, Rusiya Gürcüstana təcavüz də etdi. Bu səbəbdən də, Amerika problemlərin həlli prosesinə prezident səviyyəsində qarışmasa Rusiya özbaşınalığını davam etdirəcək. Ona görə, mən cənab Obamanın təşəbbüsünü alqışlayıram. İstəyirəm ki, Amerika regiondakı bütün dondurulmuş münaqişələr, o cümlədən ən təhlükəlisi olan Dağlıq Qarabağ münaqişəsi ilə yaxından məşğul olsun.

Sual: Son dövrlər Rusiya münaqişənin həllində daha aktivlik nümayiş etdirir. Belə ki, Rusiya xarici işlər naziri Ermənistana, Azərbaycana və bu gün isə Vaşinqtona səfər edib. Rusiyanın belə aktivləşməsinin səbəbi nədir?

Cavab: Qərbin təzyiqləri artır. Qərb tələb edir ki, problemin həllini Rusiya sona yetirsin. Çünki, Rusiya qərb dövlətlərinə söz verib ki, region ölkəsi kimi münaqişəni həll edəcək. Rusiya 90-cı illərdən belə bəyanatlarla çıxış edir. Hətta, 1998-ci ildə Denverdə Rusiya, Fransa və Amerika prezidentləri 1999-cu ildə Dağlıq Qarabağ probleminin həllini tapacağı ilə bağlı birgə bəyanat verib. Rusiya çox sözlər verib və sonda sözünün arxasında dayanmayıb. Ona görə, Rusiyaya inanmaq olmaz. Bir sözlə, Rusiyanın siyasəti məsələləri dolaşdırmaq, gözdən pərdə asmaq, gedib Amerikaya yalan məlumat vermək və aldatmaqdır. Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtona gedib tamamilə yalan məlumat verəcək ki, Azərbaycan danışıqlarda güzəştə getmir, ona görə də problem həllini tapmır. Daha demir ki, Rusiya ilə Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, Qarabağ Azərbaycan ərazisidir. Rusiya və Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən bir santimetr də geri çəkilməyib. Hələ üstəlik işğal altında olan torpaqları yandırır, işğal etdiyi ərazilərdən Azərbaycanın mülki əhalisi yaşayan kəndlərə güllə yağdırır. Məhz, bunları Amerika prezidentinə Sergey Lavrov deməyəcək.

Sual: Amerika və Rusiya prezidentlərinin telefonla müzakirəsindən sonra, dünən Rusiya prezidentinin rəsmi saytının yaydığı məlumata görə, prezidentlər münaqişə ilə bağlı fikirlərini koordinasiya etmək barədə razılığa gəlib. Bu Rusiyanın birtərəfli aktivliyinin bir qədər liberallaşdırılması deyilmi?

Cavab: Axır vaxtlar Rusiyanın bəzi dairələrində belə əhval-ruhiyyə də var ki, Qafqaz bizim nəyimizə lazımdır. Biz artıq imperiya deyilik ki, Qafqazdan plasdarm kimi istifadə edib başqa ölkələrə hücum edək. Həmin qrup insanlar hesab edir ki, Şimali Qafqaz xalqlarına müstəqillik vermək, Qarabağ problemini həll edib, Ermənistana da tam müstəqillik vermək lazımdır. Bu fikirlər kluarlarda dolaşır. Bu fikir doğrulsa, Ermənistan Rusiyanın təsiri altından çıxdıqdan sonra, onunla danışıq aparmaq çox asan olar. Amma, indiki halda Rusiya Ermənistana deyir ki, Azərbaycan nə qədər güzəştə getsə belə, siz razılaşmayın Bu səbəbdən də danışıqlarda irəliləyiş qeydə alınmır.

Sual: Azərbaycan prezidenti dünən bəyan edib ki, Ermənistan Soçi, Sankt-Peterburq və Kazan görüşlərində yenilənmiş Madrid sənədini qəbul etməyib. Belə olan halda müharibə çağırışları nə qədər realdır?

Cavab: Son 18 ildə vəziyyət belə olub. 18 il bu dövlətlər yalan satıb. Əgər 18 il yalan satıblarsa, 25 il də yalan satmaq olar. Azərbaycan üçün müharibə arzuolunmaz variantdır. Çünki, Azərbaycan Rus imperiyasını dağıda bilməz, Moskvada hakimiyyəti dəyişə bilməz ki, Ermənistanı da dəyişsin. Bu baxımdan müharibə mənasızdır. Ona görə də Rusiya rahatdır ki, özləri hücum etməzsə, onlara hücum edən olmayacaq.

Sual: Avropa təşkilatlarının, Avropa İttifaqının münaqişənin həlli prosesinə təsirləri ola bilərmi?

Cavab: Əslində yox. Ona görə ki, onların münaqişənin həll etmə üçün instrumentləri yoxdur. Bu səbəbdən də bəyanatlardan o yana, gedə bilmirlər. Amma, təcavüzkarı yerində oturtmaq NATO-nun işidir. Təcavüzkarın arxasında Rusiya nüvə dövləti dayanıb. Bu səbəbdən NATO məsələləri dərindən düşünməlidir.

XS
SM
MD
LG