Accessibility links

Venesuelanın səhiyyə sistemi çökür


Arxiv fotosu - Karakasda Xose Qreqorio Hernandes xəstəxanasında palatalarından birinin görünüşü, 20 noyabr, 2018.
Arxiv fotosu - Karakasda Xose Qreqorio Hernandes xəstəxanasında palatalarından birinin görünüşü, 20 noyabr, 2018.

BMT və beynəlxalq səhiyyə təşkilatları Venesuelada səhiyyə böhranı nəticəsində yoluxucu xəstəliklər və bir zamanlar kökü kəsildiyi hesab edilən malyariya və vərəm kimi xəstəliklərin yenidən yayıldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı ölkənin səhiyyə sisteminin çökməsində Venesueladakı mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyəti günahlandırır. Təşkilat bildirir ki, səhiyyə sistemi həkimlər və tibb bacılarının ölkəni tərk etdiklərinə görə yaranmış tibbi personal, eləcə də dərman və tibbi preparatların çatışmazlığı və başqa faktorlarla əlaqədar təzyiq altındadır.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Yasareviç deyir ki, bu, profilaktika və xəstəliklərə nəzarət da daxil olmaqla, bir sıra vacib proqramlara öz təsirini göstərir. O, Amerikanın Səsinə bildirib ki, uşaqların ölümcül xəstəliklərə qarşı immunizasiyası ölkədə səhiyyə xidmətlərinin pisləşməsinin ən çox təsir göstərdiyi əsas sahələrdən biridir.

Paytaxt Karakasda Vargas xəstəxanasında ağ ciyər xərçəngindən müalicə olunan xəstə, 5 fevral, 2019.
Paytaxt Karakasda Vargas xəstəxanasında ağ ciyər xərçəngindən müalicə olunan xəstə, 5 fevral, 2019.

Onun bildirdiyinə görə, Venesuelada bu yaxınlarda qızılca halı son dəfə 2017-ci ildə qeydə alınıb. O vaxtdan bəri 6 min 400 hal qeyd edilib və bunların 76-sı ölümlə nəticələnib. Yasareviç deyib ki, difteriya xəstəliyinin yayılması halları ilə bağlı da eyni vəziyyət müşahidə edilir. Onun bildirdiyinə əsasən, 2016-cı ildən bəri Venesuelada 2 min 500 difteriya halı qeydə alınıb, bunlardan 270 hal ölümlə nəticələnib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü vaksinasiya proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, təşkilat 23 xəstəxanaya yardım edir və yoluxucu xəstəliklərin qarsının alınması məqsədilə tibbi personala təlim verir. O, xəstəxənalara 50 tona yaxın tibbi preparat və dərmanların çatdırıldığını bildirib.

Venesuelada yaranmış qeyri-sabit siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq ölkəni 3 milyondan çox vətəndaşın tərk etdiyi bildirilir. Venesuelalıların böyük əksəriyyəti Qərb yarımkürəsində ən ciddi humanitar böhran hesab edilən böhranlı vəziyyətdən qaçaraq, Kolumbiya, Ekvador, Peru və Braziliyada sığınacaq tapıb.

XS
SM
MD
LG