Maroli Bastardo taksidən iki uşağı ilə birlikdə Venesuelanın şimal-şərqində, qəbiristanlığın yerləşdiyi sahildə düşdü. Lakin onun fikrini dəyişmək üçün hələ vaxtı var idi.
Səkkiz aylıq hamilə olan Maroli iqtisadiyyatı tamamilə dağılan bir ölkədə çətinliklərlə üzləşirdi. O, doğum evlərində çatışmazlıqlar səbəbindən hər yeni dünyaya gələn körpənin öldüyü bir ölkəni, ya da Trinidada getmək üçün ağzına qədər dolu qaçaqmalçı qayığı seçməli idi.
Onun həyat yoldaşı Keniyer oraya fevral ayında getmiş və artıq iş tapmışdı. O, ailəsinin də onun yanına gəlməsini istəyirdi.
Marolinin anası onun getməməsi üçün çox yalvardı.
Nə Maroli, nə də uşaqları üzmək bilmirdi.
3 həftə əvvəl Venesueladan Trinidada gedən qayıqdakı 27 miqrant özünün qorxulu axınına görə `Əjdaha Ağzı` adı verilən yerdə yoxa çıxdı.
Ürəyim mənə deyir ki, onlar sağdır. Lakin bu işgəncədir
Mayın 16-da o, uşaqları və ərinin 3 qohumu ilə birlikdə 31 nəfərin olduğu köhnə balıqçı qayığına minmişdi. Qayığa minməzdən əvvəl onlar son illər minlərlə venesuelalının ölkəni tərk etmək üçün toplaşdığı Quyriya şəhərinin limanında mobil telefonla son şəkillərini çəkdilər və yaxınları ilə görüşmüşdülər.
`Ana Mariya` qayığı son mənzilə çatmadı. Nə miqrantlar, nə də qayığın qalıqları tapıldı.
Qayığı idarə etdiyi guman edilən 25 yaşlı venesuelalı Albertto Abreyi mayın 17-də balıqçılar tərəfindən xilas edilib və qonşu Qrnadaya aparılıb. Abrey onu xilas edən balıqçıya `Ana Mariya`nın bir gün əvvəl batdığını bildirib. Lakin Qrenada rəsmilərinin bildirdiyinə görə, o, polis təhqiqatı bitirməsindən əvvəl qaçıb və o vaxtdan onun harada olduğu məlum deyil.
Marolinin əzab çəkən anası Karolina isə qızı və nəvələrinin sağ olduqlarına ümid edir. O, Allaha dua edir ki, qaçaqmalçılar pul almaq üçün onları girov saxlamış olsun. Ürəyim mənə deyir ki, onlar sağdır. Lakin bu işgəncədir` Karolina deyir.
Maroli Bastrado, onun doğulmamış körpəsi, uşaqları və qohumlarının yoxa çıxmaları venesuelalıların ölkəni tərk etmək üçün nə qədər təhlükəli addımlar atdığını göstərir.
Sosialist hökumətin illərdir iqtisadiyyatı pis idarə etməsi neftlə zəngin ölkəni hiperinflyasiya, çatışmazlıqlar və yoxsulluğa sürükləyib. Son 5 ildə Venesuela əhalisinin təxminən 12 faizini təşkil edən 4 milyon insan ölkəni tərk edib.