Accessibility links

Venesuela humanitar yardımları qəbul etmir


Venesuela hərbçiləri ABŞ və digər xarici ölkələrdən gələn humanitar yardımın ölkəyə çatdırılmasının qarşısını almaq üçün Kolumbiya ilə əsas sərhədi bağlayıb.

Çərşənbə günü Venesuelanı Kolumbiya ilə birləşdirən avtomobil körpüsünün ortasına tanker yük maşını və iki yük konteyneri yerləşdirilib. Silahlı hərbçilər ölkəyə daxil olmaq cəhdlərinin qarşısını almaq üçün patrul edir.

ABŞ Venesuelaya ərzaq və dərman daxil olmaqla, 20 milyon dollarlıq yardım ayırıb, lakin Venesuela prezidenti Nikolas Maduro yardımdan imtina edib. Maduro Venesuela xalqının “dilənçi” olmadığını söyləyib və bu yardımın ABŞ-ın ölkənin hərbi işğalına doğru yol açacağını bildirib.

Venesuelanın neftdən asılı iqtisadiyyatı dünya enerji qiymətlərinin, korrupsiya və sarsıdıcı siyasətin təsirindən çöküb. Ərzaq, yanacaq və bir çox əsas məhsullar qıtlığı mövcuddur, inflyasiya nəzarətsizdir, bu isə milyonlarla Venesuelalıları qonşu Kolumbiyaya qaçmağa məcbur edib.

Humanitar yardımın ölkəyə gətirilməsinin qarşısının alınması Maduro və müxalifətin idarə etdiyi Milli Assambleyasının prezidenti, özünü keçid dövrünün prezidenti elan etmiş Xuan Quaydo arasındakı qarşıdurmanın yeni bir məqamıdır.

ABŞ, Kanada və Avropa İttifaqının bir çox ölkəsi də daxil olmaqla, 40-da çox ölkə Maduronu yenidən hakimiyyətə gətirən seçkiləri saxta adlandıraraq, Xuan Quaydonu qanuni prezident kimi tanıyıb.

XS
SM
MD
LG