Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın QHT-lərlə bağlı qanunvericiliyinə edilmiş dəyişikliklər haqqında rəyini açıqlayıb.
Azadlıq radiousunun məlumatına görə, dekabrın 15-də açıqlanan rəydə qeyd olunur ki, bu il sentyabrın 29-da Avropa Şurasının baş katibi Tyornborn Yaqland Komissiyadan həmin düzəlişlərə rəy hazırlamağı xahiş edib.
Sənəddə qeyd edilir ki, ölkə hakimiyyətinə əvvəlcədən müraciət göndərilməsinə baxmayaraq, VK nümayəndə heyəti vəziyyətlə yerində tanış olmaq üçün Azərbaycana səfər edə bilməyib.
"Oktyabrın 15-də hakimiyyətə göndərdiyi məktubda Katiblik səfərə dəstək və yardım istəyib. İlkin olaraq səfərin tarixi razılaşdırılsa da, səfərin proqramı barədə heç bir məlumat verilməyib və heç bir dəvətnamə gəlməyib, Beləliklə səfər təxirə salınmalı olub. Nəticədə bu rəy planlaşdırılmış səfərdə əldə oluna biləcək informasiyasız hazırlanıb. Təəssüf ki, rəyin əhatə etdiyi yeni dəyişiklikləri hələ rəy hazırlanmaqda ikən prezident imzalayıb", deyə məruzədə bildirilir.
Daha sonra qeyd olunur ki, ölkədə 2 min 700 qeydiyyata alınmış, 1000 qeydə alınmamış QHT var.
İnsan hüquqları ilə məşğul olan müstəqil QHT-lər son illər repressiyalara məruz qalır və onların vəziyyəti pisləşib.
AŞ-ın insan hüquqları üzrə komissarı Nils Mujnieks də ölkədə qanunvericiliyə dəyişikliklərin vəziyyəti pisləşdirdiyini vurğulayıb.
Ölkə hakimiyyəti VK-nin bütün əvvəlki tövsiyələrinə məhəl qoymayıb. Bundan başqa, ölkədə işləyən xarici QHT-lərin nümayəndəlikləri təzyiqə məruz qalıblar.
«Ancaq bəzi müsbət dəyişikliklərə baxmayaraq, Venesiya Komissiyasının 2011-ci ildə verdiyi rəydəki tövsiyələrin çoxu nəzərə alınmayıb. QHT-lərin qeydiyyat proseduru sadələşdirilməyib. Xarici QHT-lərin filialları və təmsilçiliyi spesifik, problemli nizamlanmaya məruz qalır. QHT-lər pozuntulara görə bağlana bilər, halbuki həmin pozuntular bu sərt sanksiyaya əsas vermir».
Bundan başqa, xarici QHT-lərin filialları və təmsilçilikləri digər QHT-lərə nisbətən daha əlverişsiz durumdadır: onlardan əlavə hesabatlılıq tələb olunur, xüsusi cərimələr qoyulur, hökumətlə bağlanan müqavilələrinə vaxt məhdudiyyəti təyin olunur».
VK-nın mövqeyinə görə, bu sərt tələblər vətəndaş cəmiyyətinə mənfi təsir göstərəcək. Özəlliklə də insan haqları, demokratiya və hüququn aliliyi məsələləri ilə məşğul olan qurumlara. Komissiya düzəlişlərin, ümumilikdə, «Azərbaycanda QHT-lərin fəaliyyətini daha da məhdudlaşdırdığını» bildirir.
VK bildirir ki, QHT-lərin qeydiyyat prosesi sadələşdirilməlidir. Qeydiyyat müddətinin qısaldılması üçün proses mərkəzsizləşdirilməli; qanuni tələblərə tam hörmətin təmin olunması üçün konkret addımlar atılmalı, qeydiyyat sənədlərinin düzəldilməsini tələb edən lüzumsuz korrektələr dayandırılmalıdır:
«Beynəlxalq QHT-lərin yerli filial və təmsilçilik yaratmaq və qeydiyyata almaq ehtiyacına yenidən baxılmalıdır. Onların qeydiyyatına, fəaliyyətinə qoyulan hərtərəfli məhdudiyyətlər ləğv olunmalıdır».
«QHT-lərin xaricdən maliyyələşməsini əngəlləyən dəyişikliyə yenidən baxılmalıdır, aydın və spesifik səbəb yoxdursa, xarici maliyyəyə icazə verilməlidir. Qrant vermək hüququnu əldə etmək proseduru aydın kriteriyalara, qanunvericiliyə dayanmalıdır».
QHT-lərin hesabat öhdəlikləri kimi daxili muxtariyyətinə qanunsuz müdaxiləyə, eləcə də QHT-lərin daxili strukturu və funksiyasına dövlət nəzarətinə imkan verən düzəlişlər ləğv olunmalıdır.
VK bu və digər sahələrdə Azərbaycan hakimiyyətinə yardım etməyə hazır olduğunu da bildirib.