Accessibility links

Vəkil cəbhəçi gənclə görüşə bilmir


Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev

Daxili İşlər Nazirliyinin mətbuat xidməti deyilənləri şərh etməyib, gəncin saxlanmasının əsl səbəbini açıqlamayıb

Vəkil Asabəli Mustafayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevlə görüşə buraxılmayıb.

Turan agentliyinin məlumatına görə vəkil bir saatdan artıq Sumqayıt Polis İdarəsinin qarşısında gözləməyə məcbur qalıb.

“Əvvəl idarəyə daxil ola bildim, sonra məni çıxardılar ki, rəis burda yoxdur. Ola bilsin, işgəncə faktı var, ona görə də görüşə mane olurlar. Görünür, iş vaxtının bitməsini gösləyirlər. 102 xidmətinə zəng etdim, ancaq heç bir nəticə yoxdur. Ombudsman Aparatına zəng edirəm, götürmürlər”, vəkil Mustafayev qeyd edib.

Vəkil görüşə imkan verilməməsi ilə bağlı gərəkli hüquqi addımlar atacağını bildirib.

R.Qarayevə 20 sutka həbs cəzası verilib. AXCP-dən verilən bilgiyə görə, onu polisə müqavimət adı ilə saxlayıblar.

Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti deyilənləri şərh etməyib, gəncin saxlanmasının əsl səbəbini açıqlamayıb.

R.Qarayevin iyulun 21-i axşam saatlarında saxlandığı güman edilir. Gecə saatlarında AXCP Sumqayıt təşkilatının bir qrup fəalı polis idarəsinin qarşısına toplaşıb gəncin taleyi haqda məlumat almaq istəyirdilər. Gəncin saxlanma xəbərini də həmin fəallar yayıblar.

Hazırda AXCP-nin 10-dan çox üzvi həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini düşünür. Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmır.

XS
SM
MD
LG