Accessibility links

Vəfa Quluzadə: Rusiyanın yeni doktrinası faşist ideologiyasıdır [Video-müsahibə]


Vəfa Quluzadə: Putinin siyasəti çürükdür
please wait

No media source currently available

0:00 0:04:39 0:00

Vəfa Quluzadə: Putinin siyasəti çürükdür

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, Təhlükəsizlik Şurasının keçmiş üzvünün Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, Təhlükəsizlik Şurasının keçmiş üzvü Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna böhranı və regional təsirlərindən danışıb.

Sual: Rusiya-Ukrayna siyasi münasibətlərinin gələcəyini necə görürsünüz? Siyasi böhran hərbi böhrana çevrilə bilərmi?

Putin hakimiyyətdə qaldığı müddətdə münasibətlər düzəlməyəcək.
Cavab: Birincisi, Rusiya-Ukrayna münasibətləri Putin tərəfindən uzun müddətə pozulub. Rusiya Ukraynada öz agenturasını hakimiyyətə gətirib ölkəni bütövlükdə ələ almaq istəyirdi. Bu baş tutmadı. Putin gücdən istifadə etmək istədi. Bütün qərb dövlətləri bunun əleyhinə qalxdı.

Putin Rusiyada hakimiyyətdə qaldığı müddətdə iki dövlət arasında münasibətlər düzəlməyəcək.

Ukraynada qərbin köməyi ilə demokratik dövlət qurulacaq, yeni prezident seçiləcək. Putin də bunun əleyhinə olacaq. Ona görə Rusiya-Ukrayna müsahibələri gərginlikdə olacaq.

Vəfa Quluzadə
Vəfa Quluzadə
O ki qaldı hərbi məsələlərə, hesab edirəm ki, hərb olmayacaq. O səbəbdən ki, Putin Ukraynanın əleyhinə silahdan istifadə etməyə cəsarət etməz. Əgər Putin silahdan istifadə etsə, bu Hitlerin təcavüzünə bənzər bir əməliyyat olacaq. Hitler necə ki, Polşanın əleyhinə əməliyyata başladı və sonra dünya müharibəsi yaratdı. Bu Ukraynada da baş verə bilər. NATO belə təcavüzü cavabsız qoymaq. Putin bunu bilir. Ona görə, hesab edirəm ki müharibə olmayacaq.

Sual: Rusiya-Ukrayna böhranına qərbin, Amerikanın münasibətini necə qiymətləndirirsiniz?

Rusiya özünün legitimliyini itirən bir dövlətə çevrilib.
Cavab: Qərb olduqca düzgün mövqedədir. Qərb Rusiyanın müstəqil dövlətin daxili işlərinə qarışmasını pisləyir, həm də açıq şəkildə bildirir ki, Putin və Lavrovun dedikləri həqiqəti əks etdirmir. Onlar Ukraynaya əsgər göndərməzdən əvvəl bəyanat vermişdilər ki, Ukraynaya əsgər göndərilməyəcək. Amma, əsgər göndərdilər. İndi rus əsgəri Ukraynadadır, inkar edirlər ki, rus əsgəri yoxdur, özünü müdafiə dəstələridir. Amma, rus əsgərlərini daşıyan hərbi avtomobillərin nömrə nişanları və sairə televiziyalarda nümayiş etdirilir. Bununla Rusiya özünün legitimliyini itirən bir dövlətə çevrilib. Bu cür legitimliyini itirən dövlətə də qərbin münasibəti tamamilə açıq və düzgündür. Qərb Rusiya ilə siyasi, iqtisadi, diplomatik əlaqələri məhdudlaşdırır.

Sual: Amma Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı da böhran yaranıb. Bu necə, həll olunacaq?

Rusiyanın Ukrayna siyasəti iflasa uğrayacaq.
Cavab: Bu böhranı yaradan Rusiyadır. Ukraynada yaşayan ruslar arasında Putin iqtidarı uzun müddətli iş apardı. İndi də onun agenturası orada problemlər yaratmaq istəyir. Hesab edirəm ki, Ukrayna hakimiyyəti Ukraynadakı rusların təhlükəsizliyini təmin edəcək və təmin etmək iqtidarındadır. Həm də Krımda yalnız ruslar yaşamır, Krım tatarların vətəni olub. Orada 300 min tatar yaşayır. Onlar Ukraynanın daxilində olmaq istəyir və Krımın Rusiyaya birləşdirilməsini istəmirlər. Ona gərə də hesab edirəm ki, Rusiyanın Ukrayna siyasəti iflasa uğrayacaq.

Sual: Rusiya-Ukrayna böhranının regional təsirləri nə olacaq? Rusiyanın daxilində hansı hadisələri gözləmək olar?

Rusiyanın mübarizəni uduzması Putin iqtidarının siyasi səhnədən getməsinə gətirib çıxara bilər
Cavab: Regional təsirləri böyük olacaq. Çünki Ukrayna ilə Rusiyanın qarşıdurması, artıq bütün demokratik dünya ilə Rusiyanın qarşıdurmasına çevrilir. Nəticə etibarı ilə Rusiya bu mübarizəni uduzacaq. Rusiyanın mübarizəni uduzması öz növbəsində bu ölkədə hakimiyyət dəyişikliyinə, Putin iqtidarının siyasi səhnədən getməsinə gətirib çıxara bilər. Bu isə bütün regiona çox böyük müsbət təsir edə bilər. Məsələn, Qarabağ məsələsi Rus imperiyasının siyasəti nəticəsində həll oluna bilmir. Tərəflər sülhə doğru addım atan kimi Ermənistan cəzalandırılır. Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamağa və Türkiyə ilə sərhədlərini açmağa imkan vermirlər. Ona görə də biz Ukraynanın və qərbin qələbəsində maraqlıyıq. Əgər biz hipotetik şəkildə düşünsək ki, Rusiya burada qələbə qazana bilər. Rusiyanın qələbəsi Sovet imperiyasının bərpa olunması deməkdir. Bütün yeni demokratik dövlətlərdə Polşa, Macarıstan, Baltik respublikalarında, MDB dövlətlərində ruslar yaşayır. Rusiyanın rusları qorumaqla bağlı yeni doktrinası faşist ideologiyasıdır. Necə ki, Hitler bütün dünyada yəhudilərin məhv edilməsini elan etmişdi. İndi Putin də elan edib ki, hansı ölkədə ruslara qarşı hərəkət olsa əsgər göndərəcək. Bu çürük ideologiyadır. Bu ideologiyaya demokratik aləm cavab verməlidir. Buna yol vermək olmaz ki, nəticə əldə etsin.
XS
SM
MD
LG