Tarixi gözəlliyi və gənc ruhu ilə cəzb edən Corctaun (Georgetown) məhəlləsi Vaşinqton şəhərinin ən görməli yerlərindən biridir. Bu turistik məkanın çox yaxınlığında Corctaun Universiteti yerləşir. Elə bu üzdən Corctaun həm də tələbələrin və gənclərin istirahət və əyləncə məkanlarından biridir.
Corctaun rəngarəng binaları, göz oxşayan arxitekturası ilə diqqət çəkir. Burada hələ 18-19-cu əsrdə tikilən tarixi evlərə rast gələ bilərsiniz. Daş yolları, kərpicdən hörülmüş dalanları ilə bu məhəllə qədim Avropa şəhərlərini xatırladır.
Corctaun bir çox məşhur Amerikan filmlərində yer alıb. Bunlardan ən məşhuru isə, Eksortist qorxu filmidir. Bu filmin məşhur səhnələrindən biri Corctaunun uzun pilləkənlərində çəkilib. Bu filmi sevən turistlər daima məşhur pilləkənlərə baş çəkərək, filmdəki qorxulu səhnəni sosyal medyalarında paylaşdıqları şəkillərdə yenidən səhnələşdirir.
Gəzməli küçələri, kanal ətrafı parkından başqa Corctaun həm də alış-veriş mərkəzləri, lüks geyim mağazaları və kafe-restoranları ilə məşhurdur. Turistləri cəlb etmək üçün qeyri-adi menyular, fərqli dessertlər təqdim edən Corctaun restoranlarında qiymətlər bir az yüksəkdir.
İnsanlar alış-veriş edib, dadlı yemək yeyib, binalarla şəkil çəkdirdikdən sonra uzun gəzinti üçün Corctaun sahil parkına enir. Yam-yaşıl təbiət, gözoxşayan mənzərələrilə məşhur park, Potomak çayının sahilində yerləşir. Vaşinqton sakinləri idman etmək, dostları ilə görüşmək, dincəlmək və suyun səsindən feyziyab olmaq üçün bu parka üz tutur.
Potomak çayından gəmiylə Vircinya və Merilend ştatına getmək mümkündür. 1751-ci ildən fəaliyyət göstərən Corctaun limanı, Vaşinqton şəhərinin quruluşuna təkan verən əsas hadisələrdən biri olub. Siyasi gücünü hələ də qoruyub saxlayan qəsəbədə Fransa, İsveç, İslandiya, Ukrayna, Tayland və s. Ölkələrin səfirlikləri yerləşir.