Accessibility links

ABŞ Konqresində Transxəzər forumu keçirilib [Video]


ABŞ Konqresində Transxəzər forumu keçirilib
please wait

No media source currently available

0:00 0:03:45 0:00

İyunun 27-də Vaşinqtonda “ABŞ Maraqlarının Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizində təmin edilməsi” adlı forum keçirilib. Forumda Əfqanıstan, Qazaxıstan, Gürcüstan və Türkiyənin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Vitali Bəylərbəyov və Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının rəhbəri Elçin Əhmədov da iştirak ediblər.

Biz Rusiyanın qlobal miqyasda “yaramazlıqla” məşğul olmasına icazə verməməliyik. Rusiyanın hədə-qorxu taktikalarına son qoymağın bir yolu Transxəzər ölkələrinin Rusiyadan olan asılıqlarını azaltmaqdır.
Stiv Şabot

Tədbirə Orta Asiya – Qafqaz İnstitutunun baş elmi işçisi Mamuka Tsereteli moderatorluq edib. Forumda ABŞ şirkətləri üçün regionda mövcud olan sərmayə imkanları və layihələri eləcə də, Asiya ilə Avropanı birləşdirən strateji yol sayılan müasir İpək Yolunun inkişafı üçün regiondakı hökümətlərin apardığı siyasətə dəstək müzakirə olunub.

Tədbir texaslı respublikaçı konqresmen Pit Seşşions və ohayolu konqresmen Stiv Şabotun açılış sözləri ilə başlayıb.

Konqresmen Seşşions keşmiş sovet ölkələrinin əsarət altında inkişaf edə bilmədiklərini deyib. O həmin ölkələrin böyük təbii ehtiyatlara sahib olduğunu və orada inkişafa nail olmaq istəyən insanların yaşadığını qeyd edib. Konqresmen Rusiyanın hazırda da bu ölkələrin siyasi rəhbərliyindən faydalanaraq bu ölkələrdəki insanları təcrid etmək istədiyini deyib və bildirib ki, buna qarşılıq olaraq ABŞ bu ölkələri bir araya gətirib onların iqtisadi inkişafı əldə etmələrini və dünya bazarına daxil olmalarını təmin etmək üçün addımlar atacaq.

“Biz güc, iradə və qarşılıqlı asılılıqla ölkəmizi inkişaf etdirəcəyik, dünyanı isə daha təhlükəsiz bir yerə çevirəcəyik”, deyə o bildirib.

Konqresmen Şabot da Rusiyanın regiondakı nüfuzundan bəhs edərək Moskvanın daha öncə də regionda iqtisadi və siyasi nüfuzunu qoruyub saxlamaq üçün Xəzər dənizində boru kəmərinin inkişafına müqavimət göstərdiyini deyib və Tranxəzər ölkələrinin bir araya gələrək bunun qarşısını almağa çağırıb.

Cənub qaz dəhlizi
Cənub qaz dəhlizi

“Biz Rusiyanın qlobal miqyasda “yaramazlıqla” məşğul olmasına icazə verməməliyik. Rusiyanın hədə-qorxu taktikalarına son qoymağın bir yolu Transxəzər ölkələrinin Rusiyadan olan asılıqlarını azaltmaqdır”, o deyib.

Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının rəhbəri Elçin Əhmədov Transxəzər dəhlizinin vacibliyindən danışaraq dəhlizin artıq istismara hazır olduğunu deyib. Cənab Əhmədov Azərbaycanda Ələt Azad Ticarət Zonasının yaradılacağını və həmin zonada böyük pontesialın olduğunu söyələyərək, ABŞ şirkətlərini oraya sərmayə qoymağa çağırıb.

Tədbirdə həmçinin SOCAR-ın vitse prezidenti Vitali Bəylərbəyov də çıxış edib. O, Cənub qaz dəhlizinin Azərbaycanı regiondakı ölkələr və dünya ilə birləşdirdiyini deyib və bu layihənin ölkələrə, insanlara və şirkətlərə rifah gətirəcəyini bildirib.

Cənab Bəylərbəyov həmçinin qeyd edib ki, son on ildə Avropa enerji təchizatının diversifikasiyasına olan ehtiyacını müzakirə etsə də buna nail ola bilməyib. O, Avropada bir çox bazarın illərdir eyni qaz təchizatçısından asılı olduğunu qeyd edib, lakin çox yaxında Cənub qaz dəhlizi sayəsində Avropada enerjinin ilk dəfə olaraq diversifikasiya ediləcəyini bildirib.

Biz maraqlanan hər bir ölkəni bu dəhlizə qoşulmağa çağırırıq. Biz inanırıq ki, infrastrukturun tikintisi başa çatandan sonra bu baş verəcək. Bir çox ölkə təcrid olunması və ya dənizə çıxışı olmaması səbəbilə yaşadığı problemlərdən qurtulacaq.
Vitali Bəylərbəyov

Bunu misal gətirərək, Vitali Bəylərbəyov daha çox ölkəni Transxəzər dəhlizinə qoşulmağa çağırıb.

“Biz maraqlanan hər bir ölkəni bu dəhlizə qoşulmağa çağırırıq. Biz inanırıq ki, infrastrukturun tikintisi başa çatandan sonra bu baş verəcək. Bir çox ölkə təcrid olunması və ya dənizə çıxışı olmaması səbəbilə yaşadığı problemlərdən qurtulacaq. Məsələn, dünyanın neft və qaz istehsal edən 7 ölkəsindən dördü Xəzər dənizində yerləşir. Transxəzər dəhlizi ilə biz beyəlxalq bazara çıxış əldə edəcəyik”, deyə cənab Bəylərbəyov bildirib.

Bundan əlavə forumda Əfqanıstan səfirliyinin ticarət ataşesi Səid Mübin Şah, Gürcüstan Nəqliyyat və Logistikanın İnkişafı Siyasəti şöbəsinin direktor müavini David Cavaxadze, Qazaxıstan dəmir yolu idarəsinin icraçı direktoru Sergey Anaşkin və Türkiyə səfirinin müşaviri Tuqay Tuncer iştirak edib.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

XS
SM
MD
LG