Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu “Qərbin Cənubi Qafqaz Strategiyası” adlı məcmuə dərc edib. Martın 17-də Mərkəzi Asiya və Qafqaz İnstitutunda keçirilən təqdimat mərasimində məcmuənin müəllifləri fikir mübadiləsi aparıb. İnstitutun rəhbəri Frederik Star tədbiri giriş sözü ilə açaraq məcmuə haqqında qısa məlumat verib. Cənubi Qafqazın ilk dəfə 1991-ci ildə Sovet İttifaqı dağılan zaman diqqət mərkəzinə gəldiyini bildirən cənab Star Bakı-Tbilisi-Ceyhan boru xətti anlaşması ilə bu diqqətin daha da genişləndiyini bildirdi. O, bundan sonra Cənubi Qafqazın yenidən ABŞ Əfqanıstanda əməliyyatlara başlayan zaman gündəmə gəldiyini dedi. Ancaq Frederik Star Qərbin Cənubi Qafqaza yönəlik siyasətində bir çox yanlışlıqların olduğunu bildirdi.
Bu yanlışlıqlara nəzər salan məcmuənin digər müəllifi Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırma direktoru Mamuka Tsereteli Dağlıq Qarabağ münaqişəsinin prioritetə çevrilməməsini ən başlıca səhv kimi dəyərləndirdi. Digər səhvlər sırasında o, Rusiya-Gürcüstan müharibəsi və enerji məsələlərinə marağın az olmasını, İranla münasibətlərdə Qafqazın nəzərə alınmamasını göstərdi. Tədqiqatçı Rusiyanın regiondakı təsirinə məhəl qoyulmamasının da başlıca yanlışlıqlardan biri olduğunu dedi.
Bu fonda Fredirik Star isə ABŞ üçün demokratiyanın mühüm olduğunu vurğulasa da, hazırda ölkələrin süverenliyinin qorunmasının daha önəmli olduğunu bildirdi: “Əvvəllər bu haqda çox danışardıq, indi yenidən bu barədə danışmağın və əmələ keçməyin vaxtıdır. Suverenlik çox mühümdür. Bu mövzunu kənara qoysaq, onda digər məsələlərə də ehtiyac qalmayacaq”.
Araşdırmanın 3-cü müəllifi, institutun direktoru Svante Kornel isə məcmuəni təhlil edərək regionun mühümlüyünü vurğuladı. Tədbirdən sonra Amerikanın Səsinə müsahibə verən cənab Kornel Azərbaycanın ABŞ üçün iqtisadi dəyərindən danışdı. Ancaq cənab Kornel hazırda Azərbaycanla ABŞ arasında münasibətlərin gərgin olduğunu da bildirdi. O, belə gərginliyin yaşanmaması üçün strategiyanın olmasını mühüm hesab edir.
Svanta Kornel ümid edir ki, rəsmilərin “Qərbin Cənubi Qafqaz Strategiyası” məcmuəsi nəzərdən keçirməsi münasibətlərin yaxşılaşmasına xidmət edə bilər.