Accessibility links

"Washington Post" Xədicə İsmayılovaya təzyiqlər haqda yazıb


“Washington Post” qəzeti Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı şantajlar barədə məqalə dərc edib.

“Xədicə İsmayılova “Freedom House” təşkilatının qeyri-azad ölkə kimi səciyyələndirdiyi enerji ehtiyatları ilə zəngin keçmiş sovet ölkəsi olan Azərbaycanda az sayda araşdırmaçı jurnalistlərdən biridir. Bu isə göründüyü kimi riskli işdir”-deyə məqalə müəllifi Maks Fişer yazır.

“Washington Post” qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyevin ailəsində mümkün korrupsiya ilə əlaqədar araşdırma aparan jurnalistin bir il yarım müddətində seksual əlaqədə olduğu nümayiş etdirilən ikinci videosu ictimaiyyətə açıqlanıb. “Videonun açıqlanması insan hüquqları qrupları tərəfindən Azərbaycanda jurnalistlərə qarşı ümumi hal olan qorxutma kampaniyasının bir hissəsi kimi qiymətləndirilir”-deyə məqalə müəllifi yazıb.

Qəzet 2012-ci ildə İsmayılovanın prezident Əliyevin ailə üzvlərinin biznes investisiyaları ilə bağlı sullar qaldırdığı zaman şantaj məzmunlu məktub aldığı və bundan bir həftə sonra onun evində çəkilmiş videonun hökumət tərəfdarı veb səhifələr və media orqanlarında yerləşdirildiyini qeyd edib. “Washington Post” yazıb ki, Xədicə İsmayılova şantaj edildikdən sonra Azadlıq radiosunun rəhbərliyi ona Praqaya köçməyi təklif edib, lakin jurnalist bu təklifi qəbul etməyib.

Qəzet bu günlər araşdırmaçı jurnalistin yeni videosunun Azərbaycanda hökumət tərəfdarı veb səhifədə yerləşdirildiyi haqda yazıb. Məqalədə qeyd edilib ki, həftə sonu paytaxt Bakıda çoxu qadın olmaqla Xədicə İsmayılovaya qarşı şantaja etiraz edərək aksiya keçirən bir qrup jurnalist arasında ondan çox adam həbs edilib.

“Washington Post” ölkəni 2003-cü ildən idarə edən prezident İlham Əliyevin oktyabrın 9-a təyin olunmuş seçkilərə yenidən qatıldığını yazıb. Qəzet prezident İlham Əliyevin 2008-ci ildə seçkilərdə səslərin 87 faizini aldığını, Azərbaycanın aparıcı müxalifət partiyalarının seçkilərin saxtalaşdırılması və medianın qorxudulması ilə bağlı nrahatlıqlara görə seçkiyə qatılmadığını və Avropa seçki müşahidəçilərinin seçkinin demokratik prinsiplərə uyğun olmadığı ilə bağlı narahatlığını ifadə etdiyini qeyd edib.
XS
SM
MD
LG