Suriya xarici işlər naziri Birləşmiş Ştatları ölkəsindəki anti-hökumət militantları ilə bağlı “ikili siyasət” yürütməkdə ittiham edib.
BMT Baş Assambleyası qarşısında çıxış edən Valid əl-Müəllim deyib ki, onun hökuməti İslam Dövləti qrupuna qarşı mübarizədə beynəlxalq ictimaiyyətlə çiyin-çiyinə dayanır.
Amma Vaşinqtonun bəzi anti-hökumət qruplarına mötədil qüvvə kimi baxmasını tənqid edən nazir bu növ siyasətin ekstremizmə zəmin yaratdığını deyib.
Suriyada vətəndaş müharibəsi dördüncü ilə daxil olurkən ABŞ burada İslamçı militantlara qarşı ikinci cəbhə açıb.
Suriyanın şimalında yerli kürd dəstələri Kobane qəsəbəsinin müdafiəsi uğrunda İslam Dövləti militantları ilə döyüşürlər.
Qızışan döyüşlər Suriyada çox sayda kürdlərin yurdlarını tərk etməsinə səbəb olub.