Dekabrın 21-də Bakı vaxtilə axşam saat 9-da Vaşinqtonda AZAD-ın təşkilatçılığı ilə “Azərbaycan: Narazılığın Artan Səsləri” başlıqlı forum keçirilib. Azərbaycanda avtoritarizmə qarşı güclənən narazılıq dalğası müzakirə olunan tədbirdə tarixçi Cəmil Həsənli və Hikmət Hacızadə çıxış edib. Natiqlər ölkədə insan haqlarının hazırkı durumuna, gənclərin fəallığına və intellektualların siyasətdə iştirakına toxunublar. Tədbirə Vaşinqtonun azərbaycanlı icmasının nümayəndələri, habelə Azərbaycanla maraqlanan ekspertlər və dövlət rəsmiləri iştirak edib.
Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Azərbaycanda demokratiya və insan haqlarını dəstəkləyən qeyri-hökumət təşkilatıdır. Vaşinqtonda qərargahlanan AZAD Azərbaycanda baş verən hüquq pozuntularını mütəmadi qaydada ABŞ və beynəlxalq ictimaiyyətə çatdırmaq yönümündə fəaliyyət göstərir. Təşkilatın prezidenti Elmar Şaxtaxtinskidir. Təşkilat barədə ətraflı məlumat almaq üçün http://azadusa.org/ veb səhifəsinə daxil ola bilərsiniz.Amerikada fəaliyyət gösərən təşkilatlardan biri də ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN:US Azeris Network) Birləşmiş Ştatlarda 2007-ci ildən bəri fəaliyyət göstərir. Bu təşkilat Birləşmiş Ştatlarda Azərbaycan məsələləri ilə əlaqədar olaraq fəaliyyət göstərən, uzun illərdən bəri Amerikada yaşayan Azərbaycanlılar tərəfindən yaradılmışdır. USAN Amerikadakı azərbaycanlıları təşkilatlandırıb xüsusilə ölkədəki güclü erməni lobbisinin fəaliyyətlərinə qarşı iş aparır. Amerikadakı müxtəlif Türk təşkilatları ilə yaxından əməkdaşlıq edən təşkilat bu iki icmanı əlaqədar edən məsələlər barədə icmaların üzvlərinə e-maillə məlumat göndərir. USAN eyni zamanda Azərbaycanın Amerikada yaxşı tanıdılması üçün Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi də daxil Azərbaycanın müxtəlif rəsmi dairələri ilə vaxtaşırı əməkdaşlıq edir. USAN haqqında daha ətraflı məlumatı təşkilatın linkindən tapa bilərsiniz: http://www.usazeris.org/
İzləyicilərimizin nəzərinə çatdıraq ki, Vaşinqtonda səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın 22-də Atlantik Şurada çıxış edəcək. Amerikanın səsi bu tədbiri də canlı yayımlayacaq.