Accessibility links

Vaşinqtonda Türkiyə-Amerika Şurasının 30-cu konfransının açılışı olub


Vaşinqtonda Türkiyə-Amerika Şurasının 30-cu konfransının açılışı olub
Vaşinqtonda Türkiyə-Amerika Şurasının 30-cu konfransının açılışı olub

Bu il konfransın gündəliyində Türkiyə və ABŞ arasında terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinin başlıca yer tutacağı gözlənilir

ABŞ paytaxtında Türkiyə-Amerika Şurasının 30-cu illik konfransı işinə başlayıb. Konfransın açılışında ABŞ Dövlət katibi Hillari Klinton və ABŞ-ın Birgə Qərargahlar rəisi Martin Dempsi çıxış edəcək.

Bu il konfransın gündəliyində Türkiyə və ABŞ arasında terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinin başlıca yer tutacağı gözlənilir.

Müşahidəçilər Yaxın Şərqdə və Şimali Afrika ölkələrində son inkişafların ABŞ və Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın nə dərəcədə əhəmiyyətli olduğunu və ölkələr arasında münasibətlərin güclü əsaslar üzərində qurulduğunu bir daha vurğuladığını deyir. Onların fikrincə, keçən il İsrail kommandoslarının Qəzzaya yardım daşıyan Türkiyə gəmisində insan ölümülə nəticələnmiş reydi ilə əlaqədar münasibətlərində gərginlik yaşanan Türkiyə və ABŞ bu il Yaxın Şərqdə inkişaflar baxımından əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkan əldə edə bilər.

Müşahidəçilər Türkiyə və NATO arasında raketlərdən müdafiə sisteminə dair anlaşmanı qeyd edir və ABŞ-ın NATO üzrə regionda ən yaxın müttəfiqi olan Türkiyənin ərəb baharını yaşayan müsəlman ölkələri üçün model kimi çıxış edə biləcəyini göstərir. Digər tərəfdən, ABŞ Türkiyə üçün prioritet olan PKK-ya qarşı mübarizə məsələsində dəstəyin ölkə üçün əhəmiyyətini başa düşür. ABŞ Dövlət katibi Hillari Klinton və Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu, ABŞ prezidenti Barak Obama Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan bu məsələlərlə bağlı fikir mübadiləsi aparıb, iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Türkiyə-Amerika Şurasının illik konfransında bütün bu məsələlər siyasətçilər və ekspertlər tərəfindən geniş müzakirə ediləcək.

Türkiyə-Amerika Şurası iki ölkə arasında təhlükəsizlik, ticarət, texnologiya və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG