Accessibility links

Vaşinqtonda ABŞ-ın Rusiya siyasəti müzakirə edildi


Martın 15-də İkipartiyalı Siyasət Mərkəzində “Putinin Qayıdışı: Amerika üçün Siyasi və İqtisadi Təsirlər” başlıqlı forum keçirildi. ABŞ dövlət rəsmilərinin, QHT nümayəndələrinin və ekspertlərin qatıldığı tədbirdə Cəkson-Vanik Düzəlişinin ləğvi və Putin Rusiyasına dair yürüdülən siyasət müzakirə edildi. Sabiq Ticarət Naziri Don Evans, Dövlət Katibinin Avropa və Avrasiya üzrə yardımçısı Filip Qordon, Corc Kennan Mərkəzinin eksperti Steven Sestanoviç və Freedom House təşkilatının rəhbəri David Kramer Rusiya ilə bağlı atıla biləcək addımlar haqda fikirlərini paylaşdılar.

Sabiq nazir Don Evans Soyuq Müharibə dönəmində Sovet İttifaqına yəhudi mühacirləri ölkədən buraxmadığına görə tətbiq edilmiş Cəkson-Vanik düzəlişinin köhnəldiyini və hazırda ABŞ firmalarının maraqlarına ziyan vurduğunu önə çəkdi. Onun sözlərinə görə, Klinton, Buş və Obama administrasiyaları dönəmində Rusiya həmin qanunda nəzərdə tutulmuş müddəalara əməl edib və ilbəil bu qanunun icrası müvəqqəti dayandırılıb. Onun sözlərinə görə Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü, o cümlədən bu qanunun ləğvi ABŞ-Rusiya biznes münasibətlərində inkişafa yol açar və çətin iqtisadi durumla üzləşən ABŞ kənd təssərüfatı biznesləri üçün faydalı bir ölçü olardı.

Obama administrasiyasının mövqeyini təmsil edən Filip Qordon Rusiya ilə münasibətlərin hazırkı administrasiya dövründəki təkamülünə, əldə olunmuş nailiyyətlərə nəzər saldı. O, qeyd etdi ki, Rusiyanın dünya ictimaiyyətinin məsuliyyətli subyektinə çevrilməsində sanksiyaların aradan qaldırılmasının əhəmiyyəti böyükdür. Cənab Qordon Rusiyada demokratiya və insan haqları sahəsində xeyl problemlərin mövcud olduğunu və bu yönümdə ABŞ-ın 200 milyon dollar xərclədiyini vurğuladı, amma bu məsələlərə ayrı-ayrılıqda diqqət yetirilməsinin vacibliyini vurğuladı. Cənab Qordon Konqresdə hər iki partiyanın Cəkson-Vanik qanununu ləğv etmək fikrini dəstəklədiyini önə çəkərək belə bir addımın Rusiyada investor mühitinə müsbət təsir göstərəcəyini qeyd etdi.

Steven Sestanoviç yenicə prezident seçilmiş Vladimir Putinin də Cəkson-Vanik düzəlişinin aradan götürülməsindən məmnun qalacağını amma bunun öz şərtləri daxilində baş verməsinə can atdığını söylədi. Sestanoviçin sözlərinə görə, ABŞ bu qanunu ləğv edərkən öz prinsiplərini və ideallarını nəzərə almalıdır. O, qeyd etdi ki, bu qanunu ləğv etməklə Putinin anti-Qərb ritorikasında dəyişiklik baş verəcəyinə inanmır. Ləğv ediləcək qanunun Rusiya müxalifətinin dəstəklədiyi Sergey Maqnitski Cavabdehlik Aktı ilə əvəzlənməsi Kremlə aydın mesaj göndərərdi ki, ABŞ Rusiyada demokratiyanın taleyinə biganə deyil. Senator Bencamin Kardin tərəfindən ABŞ Konqresinə təqdim olunan Maqnitski Qanununu 2009-cu ildə Rusiyada qətlə yetirilmiş hüquqşünas Sergey Maqnitskinin şərəfinə insan haqları pozuntularında iştirak etmiş Rusiya rəsmilərinə qarşı visa və vəsait sanksiyaları nəzərdə tutur.

Freedom House təşkilatının direktoru David Kramer Vladimir Putinin Rusiyada qurduğu avtokraik rejimdən söz açdı və bildirdi ki, qeyd-şərtsiz Cəkson-Vanik qanununun ləğv edilməsi Putinə səhv mesaj göndərəcək. Anti-Qərb təmayülü ilə ad çıxarmış Putin qanunun ləğvini ABŞ-ın zəifliyi kimi yozacaq. Cənab Kramer bu səbəbdən Cəkson-Vanik qanunun ləğvini Maqnitski Qanunun qəbulu ilə əlaqələndirməyin vacibliyini vurğuladı. Onun sözlərinə görə, Rusiya ilə bağlı atılan addımlar paket halını almalıdır. “Putin həmin şəxsdir ki, hakimiyyətə Çeçenistanda qəddar müharibə ilə gəldi, Ramzan Kadırov kimi birisini yetişdirdi, qubernator seçkilərini ləğv etdi, onlarla jurnalist və hüquq müdafiəçisi onun hakimiyyəti dönəmində öldürüldü,” deyə o bildirdi. “Heç kimdə şübhə olmasın ki, hakimiyyətə qayıdan Putin Rusiyada qurduğu sistemi qoruyub saxlamaq üçün əlindən gələni edəcək.” Cənab Kramerin sözlərinə görə, Rusiya kimi avtokratik rejimlərə ardıcıl şəkildə aydın edilməlidir ki, nə qədər ki, bu dövlət sivil dünyanın qəbul etdiyi prinsiplər əsasında idarə olunmur, ona qarşı ögey münasibət və məhdudlaşdırıcı ölçülər davam edəcək.

Martın 15-də Wall Street Journal qəzetində yazdıqları məqalədə Rusiya müxalifətinin liderləri Harri Kasparov və Boris Nemtsov ABŞ hökumətini Cəkson-Vanik qanunun ləğv etməyə və eyni zamanda Sergey Maqnitski Qanununu qəbul etməyə çağırırlar. Müəlliflər hesab edirlər ki, belə bir addım avtoritar Putin rejiminə sərt siqnal göndərmiş olar və Rusiya demokratlarının hüquq pozuntularından qorunmasına yardımçı olardı.

XS
SM
MD
LG