Aprel ayının 17-də İstanbulda tanınmış rəssam, müğənni və heykəltaraş Vədud Müəzzinin “Keçmişin İzində” adlı fərdi rəsm sərgisi açılıb.
Türkiyə mətbuatının yazdığına görə, Beşiktaş Dəniz Muzeyində keçirilən və rəssamın qədim İstanbula həsr edilmiş əsərlərinin təqdim edildiyi sərgi aprelin 30-una qədər davam edədək.
İran, Azərbaycan, Türkiyə, Şimali Amerika və Avropada çox sayda rəsm və heykəltəraşlıq sərgisi təşkil edən Vədud Müəzzin eyni zamanda İran Azərbaycanının öndə gedən musiqiçilərindən biridir.
İTV Haber saytının yazdığına görə, “sənətların Keçmişin İzində sərgisindəki əsərləri İstanbulun yarım əsr öncəki görüntülərindən ibarət 40-a yaxın yağlı boya əsərlərindən ibarətdir. Qədim İstanbulun təsvirləri ilə yanaşı Atatürk çalışmaları da sərgidə nümayiş etdiriləcək. Sənətsevərlər bu sərgi ilə İstanbulun keçmişinə nostalji və sehrli bir səyahətə çıxacaqlar.”
İstanbulun Memar Sinan Universitetinin məzunu olan Vədud Müəzzin deyib ki, “universitet təhsilimi aldığım və heyran olduğum İstanbula illər sonra sərgimlə geri dönməyimin həyəcanını yaşayıram. Tarixi fotoşəkillər üzrə uzun sürən tədqiqatlarımın nəticəsində yaratdığım əsərlərdə qədim İstanbulu yaşatmaq istədim. Ümid edirəm ki, həyəcanımı tamaşaçılara da çatdıra bilərəm.”