Cümə günü Vaşinqtonda “Beynəlxalq Jurnalistlərə qarşı Cinayətlərə Cəzasızlığa Son” adı altında dəyirmi masa keçirildi. Tədbirdə danışan azərbaycanlı jurnalistlər Ələkbər Raufoğlu, Sevinc Osmanqızı və Emin Hüseynov diqqəti Azərbaycanda müstəqil mətbuata basqıların müxtəlif formalarına çəkdilər.
“Bu gün xüsusi bir gündür. Artıq beş ildir BMT tərəfindən jurnalistlərə qarşı baş verən cinayətlərə qarşı cəzasızlıq günü kimi qeyd olunur. Deməzdim ki, bu bayramdır, daha çox bu gün özünün həyatını və azadlığını digərlərinin həyatları və azadlıqları uğrunda qurban vermiş jurnalistlərə həsr olunmuş bir gündür,” Emin Hüseynov Amerikanın Səsinə bildirdi.
Biz höküməti Elmar Hüseynovun qatillərini məsuliyyətə cəlb etmədiyi üçün cavabdeh tuta bilmədiyimizə görə, indi artıq 7 öldürülmüş jurnalist var və bu rəqəm getdikcə artırƏləkbər Raufoğlu
Panelistlər azad medianin hökumətləri cavabdeh tutmaq və vətəndaşları məlumatlandırmaq üçün mühüm alət olduğunu vurğuladı və bu səbəblə də Azərbaycan kimi avtoritar rejimlərin gördükləri işlərə görə jurnalistlərə sistematik şəkildə hədə-qorxu gələrək, onları oğurlayaraq, həbs edərək və hətta qətlə yetirərək azad mətbuata təzyiq göstərməyə və susdurmağa çalışdığını söylədi.
“Biz höküməti Elmar Hüseynovun qatillərini məsuliyyətə cəlb etmədiyi üçün cavabdeh tuta bilmədiyimizə görə, indi artıq 7 öldürülmüş jurnalist var, və bu rəqəm getdikcə artır,” jurnalist Ələkbər Raufoğlu bildirdi.
Tədbirdə qeyd edildi ki, 2016-cı ildən etibarən hökumət bütün əsas müstəqil xəbər mənbələrini qapadıb və jurnalistlərin işıqlandırdıqları məsələlərə sərt nəzarət edir.
“Hökümət Gəncə hadisələri və enerji böhranı ilə bağlı izahatını dəfələrlə dəyişib, amma özləri jurnalistləri işıqlandırdıqları hekayələri dəyişməkdə günahlandırır. Yəni biz baş verənləri işıqlandırmalı deyil, hökümətin bizə verdiyi izahatı gözləyib, ona əsaslanaraq məlumat yaymalıyıq, amma bizim işimiz bu deyil,” jurnalist Sevinc Osmanqızı söylədi.
Yəni biz baş verənləri işıqlandırmalı deyil, hökümətin bizə verdiyi izahatı gözləyib, ona əsaslanaraq məlumat yaymalıyıq, amma bizim işimiz bu deyil.Sevinc Osmanqızı
Bundan əlavə Azərbaycan Landromatı məsələsinə və rəsmilərin iki illik bir müddət ərzində Avropa və dünyada nüfuz əldə etmək üçün 3 milyard dollar xərcləməsi də müzakirə olundu və oğurlanan pulların Azərbaycan cəmiyyətinə qaytarılmasının vacibliyinə diqqət çəkildi.
“Demək olar ki, üç həftə bundan öncə Avropa Şurasında Azərbaycandakı problemlərə, çirkli pullar probleminə biganə olmayan başda danimarkalı deputat olmaqla 25 deputat xüsusi qətnamə üçün çağırış sənədini qəbul ediblər. Bu barədə yanvar sessiyasında artıq dinləmələr təyin olunacaq. Çox güman ki, xüsusi hesabat hazırlanıb və məruzəçi təyin olunacaq. Paralel olaraq, biz artıq bütün hüquq-mühafizə orqanlarına, beynəlxalq tərəfdaşlara öz niyyətimiz açıqlamışıq ki, biz vətəndaş cəmiyyəti olaraq bu pulların geri qaytarılmasında aktiv iştirak edəcəyik. Və ən başlıcası ABŞ-da biz bir neçə vəkillə danışıqlar aparırıq ki, bizim üçün təmənnasız hüquqi yardım göstərilsin ki, biz ABŞ məhkəməsinə gedək və SOCAR-ın qanunsuz yolla əməllər həyata keçirdiyinə görə, onların burada bir neçə əmlakı üzərinəki hüququnu donduraq,” Emin Hüseynov dedi.