ABŞ-da qərargahlanan Alman Marşall Fondu və Gürcüstanın Rondeli Fondu “ABŞ-ın Cənubi Qafqazda Fəaliyyəti” adlı virtual müzakirə təşkil edib.
Tədbirdə çıxış edən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavin yardımçısı Corc Kent bildirib ki, Bayden administrasiyası ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə Dağlıq Qarabağ məsələsi ilə bağlı öhdəliyini gücləndirməyə və Azərbaycanla Ermənistanı yekun həll yolu tapmağa təşviq etmək istəyir. Onun sözlərinə görə, noyabr ayında döyüşlərin dayandırlmasına dair razılıq alqışlansa da, həmin razlıq yekun həll deyildi.
“Hələ həll olunmalı bir çox məsələ var. Atəşkəsdə fundamental məsələlər ünvanlanmayıb,” o deyib.
ABŞ-ın regionda demokratiyanın inkişafı səyləri ilə bağlı Kent deyib ki, Azərbaycan hökumətinin ABŞ-ın regionda demokratikləşdirmə səylərini ən az dəstəkləyən hökumət olmasına baxmayaraq, ABŞ-ın insan haqları və fundamental azadlıqlara dəstək yolunda gördüyü işlər kritikdir və onlar bu məsələlərlə bağlı Azərbaycan rəsmiləri ilə açıq və ehtiram çərçivəsində dialoq aparmaqda davam edirlər.
Kent həmçinin insan haqları müdafiəçiləri və hökumətin görüşlərinə zidd fikriləri olan insanlara qarşı hücumlar və təqiblərin Birləşmiş Ştatları narahat etdiyini bildirib. O, Azərbaycan rəsmiləri ilə özəl görüşlərdə bu məsələnin qaldırıldığını və ABŞ hökumətinin açıq şəkildə də öz narahatlığını ifadə etdiyni deyib.
“Biz hökuməti internet və media azadlığına daha böyük dözümlülük göstərməyə və Azadlıq Radiosu və başqa saytlara tətbiq etdiyi qadağanı aradan qaldırmağa çağırmışıq,” o deyib.
Tədbirin bir digər iştirakçısı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya Bürosunun administratorunun müavin yardımçısı Aleks Sokolovski ABŞ-ın ötən payız ayında baş verən hadisələr, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi fonunda regiondakı yeni vəziyyətə cavabının nə olacağından bəhs edib. Onun sözlərinə görə, ABŞ-ın regiondakı siyasəti bundan sonra demokratiyanın inkişaf etdirilməsinə, Cənubi Qafqaza daha çox region kimi yanaşmağa, avtoritar təsirin yaratdığı çətinlikləri qarşılamağa və COVID-19 pandemiyasına cavab tədbirləri görməyə yönələcək.
Sokolovskinin sözlərinə görə, USAID Azərbaycanda hökumətin vətəndaş və qruplarla əlaqələrini və onlar qarşısındakı cavabdehliyini gücləndirməsini təbliğ edir. Onun fikrincə bu, müstəqil mediaya çıxış vasitəsilə şəffaflıq və öhdəliyi artırır və fossil yanacaqlarından asılı olmayan çoxşaxəli və dimanik iqtisadiyyatı dəstəkləyir.
O deyir ki, müharibədən sonra USAID didərgin düşən insanların geri alınan torpaqlara geri dönməsini təmin etmək üçün diqqəti hökumət və vətəndaş cəmiyyəti ilə yeni əməkdaşlıqlar qurmağa yönəldib.
“Biz həmçinin vətəndaş cəmiyyətinin hökumətlə daha çox əlaqə qura bilməsi üçün açıq fürsətlər axtarırıq, amma ölkədəki mövcud QHT qanunları vətəndaş cəmiyyətini məhdudlaşdırmağa davam edir,” o deyib.
Biz həmçinin vətəndaş cəmiyyətinin hökumətlə daha çox əlaqə qura bilməsi üçün açıq fürsətlər axtarırıq, amma ölkədəki mövcud QHT qanunları vətəndaş cəmiyyətini məhdudlaşdırmağa davam edir.Aleks Sokolovski
Tədbirdə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə və onun nəticəsində Rusiyanın regiondakı hərbi mövcudluğunun artması, Gürcüstanda ötən payızdan bəri davam edən siyasi dalan və Ermənistanda qarşıdan gələn erkən parlament seçkiləri fonunda Birləşmiş Ştatların Cənubi Qafqaz regionundakı rolu müzakirə olunub. Tədbir iştirakçıları deyib ki, hazırda Rusiyanın artıq hər üç ölkədə qoşunu var və bu da oradakı təhlükəsizliyi və status-kvonu dəyişir, eyni zamanda yeni çətinliklər yaradır.
Corc Kent həmçinin qeyd edib ki, Cənubi Qafqaz ölkələri bütün məsələlərdə eyni fikirlərə sahib olmasalar da, “biz oradakı həmsöhbətlərimizdən ortaq bir mesaj alırıq-bu da odur ki, onlar Bayden administrasiyası dönəmində ABŞ-ın regiona daha aktiv diqqət ayırmasını istəyirlər.”
Kent deyib ki, Bayden administrasiyası Cənubi Qafqazdakı hər üç ölkə ilə ikitərəfli əlaqələri gücləndirməli və daha böyük regional əməkdaşlıq qurmalıdır.
Onun dediyinə görə, bu ikitərəfli münasibətlərdə Bayden admnistrasiyası demokratik dəyərləri, o cümlədən şəffaflığı, açıqlığı, qanunun aliliyini, insan haqları və fundamental azadlıqlara hörməti təbliğ etməyə davam edəcək.
“Biz inanırıq ki, güclü demokratiyalar Rusiya və digər bədniyyətli oyunçuların təzyiqinə tab gətirə biləcək və başda iqlim dəyişikliyi olmaqla bizim hamımızin 21-ci əsrdə üzləşdiyi ortaq çətinlikləri həll etmək üçün daha yaxşı məkan olacaqlar.”