Accessibility links

Vaşinqton: "Moskva Krım regionunu ilhaq etsə, diplomatiya üçün qapılar bağlanacaq"


Krım böhranına dair gərginliyin yüksək olduğu Ukraynada həm Moskva tərəfdarlarının, həm də əleyhdarlarının nümayişləri davam etdiyi bir vaxt ölkə liderləri Rusiyaya bir qarış torpaq belə bağışlamayacaqlarına söz veriblər.

Müvəqqəti baş nazir Arseniy Yatsenyuk Ukraynanın məşhur şairi və milli qəhrəmanı Taras Şevçenkonun 200 illiyinə həsr edilmiş mərasimə rəhbərlik edib.

O, Kiyevdə keçirilən tədbirdə insanlar qarşısında çıxışı zamanı deyib ki, ata-babalarımız bu torpaqlar uğrunda canlarını fəda ediblər. "Biz də bu torpaqların bir qarışını belə heç kəsə vermərik", deyə cənab Yatsenyuk bildirib.

Bu gün Arseniy Yatsenyuk habelə bəyan edib ki, o, Krım məsələsi ilə bağlı Rusiyanın mövqeyi barədə yüksək səviyyəli müzakirələr aparmaq üçün bu həftə Birləşmiş Ştatlara səfər edəcək

Ağ Ev danışıqların keçiriləcəyini rəsmən təsdiq etsə də, Vaşinqton rəsmilərindən müzakirələrin mövzusu barədə detallı məlumat daxil olmayıb.

Bu arada ABŞ-ın Moskvaya xəbərdarlığına baxmayaraq Rusiya qüvvələri Krımda gərginliyi artırmaqdadır. Birləşmiş Ştatların xəbərdarlığında deyilirdi ki, Moskva regionu ilhaq etsə, diplomatiya üçün qapılar bağlanacaq.
XS
SM
MD
LG