Accessibility links

Vəkil Fuad Qəhrəmanlı ilə görüşə bilmədiyini bildirib


Əli Kərimli və Fuad Qəhrəmanlı
Əli Kərimli və Fuad Qəhrəmanlı

Həbsdə olan AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının vəkili Bəhruz Bayramovun avqustun 3-də onunla təyin olunan görüşü baş tutmayıb.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğun İstintaq İdarəsinə Fuad Qəhrəmanlı ilə görüş üçün müraciət edib. Bu idarənin müstəntiqi Orxan Babayev bu gün ərzində görüşün olacağını bildirsə də görüş baş tutmayıb.

"Orxan Babayev bildirdi ki, o müstəntiq kimi vəkili Fuad Qəhrəmanlıya təqdim etməlidir. Babayev dedi ki, imkan yaranan kimi mənə zəng edəcək və sonra Qəhrəmanlı ilə görüşüm baş tutacaq. Bütün günü onun zəngini gözləmişəm. Dəfələrlə Ombudsman Aparatına zəng edərək məlumat vermişəm. Buna baxmayaraq bu gün görüş baş tutmadı," vəkil Amerikanın Səsinə deyib.

Avqustun 2-də hüquq müdafiəçisi Rüfət Səfərov prokurorluqdakı mənbələrə istinadən Fuad Qəhərmanlının dəhşətli işgəncələrə məıruz qaldığı barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

“Bir qədər əvvəl Baş Prokurorluqdakı vəzifəli şəxslərdən biri 3-cü şəxs vasitəsilə xəbər yollayıb ki, Fuad Qəhrəmanlı dəhşətli işgəncələr altındadır. Özündə deyil, danışa və yeriyə bilmir. Əli Kərimlinin əleyhinə hazır ifadəyə imza atmaqdan imtina etdiyinə görə fasiləsiz işgəncəyə məruz qalır. Ombudsman, əgər mövcudsunuzsa, təcili surətdə Fuad bəyə baş çəkin. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi, ümid sizədir, Fuad bəy işgəncələr altında ölə bilər, lütfən, ona baş çəkin,” hüquq müdafiəçisi bildirib.

Bu məlumatdan sonra, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi işgəncə ilə bağlı məlumatları təkzib edib. Ombidsman Səbinə Əliyeva Fuad Qəhərmanlı ilə görü.düyünü və onun işgəncə ilə bağlı şikayət etmədiyini bildirib.

Dünən, avqustun 3-də Fuad Qəhrəmanlı qardaşı Polad Qəhrəmanlı ilə bir dəqəqyədək telefonla danışıb.

“Dedi ki, normaldır, hər şey qaydasındadır. Yenə əlaqə saxlayacaq. O, işgəncə faktı ilə bağlı telefonda mənə heç nə demədi. Mən soruşdum ki, mətbuatda işgəncə ilə bağlı məlumat yayılıb. O dedi ki, hər şey yaxşıdır `mən salamatam`, narahat olma."

`Fuad Qəhrəmanlının səsi necə idi, səsindən nə hiss etdiniz?" sualının cavabında Polad Qəhrəmanlı dyib ki, “həbsxanadan gələn səs idi. Həbsxanadan gələn səs necə olar? Onun salamat olmasından sevindim,” Polad Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bildirib.

Öz növbəsində, AXCP sədr müavini Gözl Bayramlı Fuad Qəhramanlnın işgəncəyə məruz qalmaması ilə bağlı rəsmi xəbərlərə inanmır.

“Əvvəlcədən ehtimal etdiyimiz kimi Ombudsman Aparatının cəhdləri nəticəsiz qalıb. Fuad Qəhrəmanlı və digər cəbhəçi məhbuslarımıza hələ də ailə üzvləri ilə telefon danışığına icazə verilməməsi, eyni zamanda vəkillə görüşün təmin edilməməsi onlara qarşı içgəncə faktlarının doğruluğunu təsdiq edir. Görünən odur ki, vaxt əldə etməklə işgəncə faktlarını gizlətməyə çalışırlar. İlk gündən dostlarımızın müdafiə hüquqları kobudcasına pozulub, bu gün də proses davam edir. Vəkillərilə görüş olmadan, ailə üzvləri ilə telefon danışıqları təmin olunmadan istənilən hakimiyyət strukturunun cəbhəçi məhbuslarla bağlı verdikləri məlumatları ciddiyə almamağa, onların doğruluğuna şübhə etməyə davam edəcəyik,” o qeyd edib.

Fuad Qəhrəmanlının iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin (CM) 278-ci-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) ilə də ittiham verilib.

Qəhrəmanlı həm də bir çox əqidə yoldaşları ilə birgə CM-nin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb.

O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilmişdi. .

Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.

“Onlardan 15 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 10 nəfər hazırda inzibati həbsdədir, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 35 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG