Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus çərşənbə günü COVID-19 peyvəndlərinin gücləndirici dozalarının tətbiqi proqramlarının qlobal pandemiyaya son qoymayacağı, əksinə onu uzadacağı barədə xəbərdarlıq edib. Belə ki, o, peyvəndin qeyri-bərabər paylanması səbəbindən yoxsul ölkələrin əhalilərinin immunizasiyası üçün mübarizə apardıqlarını deyib.
Bir çox ölkələr hələ də vətəndaşlarının əksəriyyətinə COVID peyvəndinin ilkin dozalarını tətbiq etmədiyi halda, ABŞ-ın səhiyyə rəsmiləri koronavirusun omikron variantının yayılmasının qarşısını almaq üçün 16 yaşdan yuxarı vətəndaşlarını gücləndirici dozalar vurmağa çağırır.
Zəngin ölkələr gücləndirici doza proqramlarını əsasən koronavirusun son variantının sürətlə yayılmasına cavab olaraq tətbiq etsə də, çərşənbə günü media ilə brifinq zamanı Tedros bunun əks təsirə səbəb olacağını deyib.
"Ümumi gücləndirici doza proqramları, vaksinləri yüksək səviyyəli peyvənd tədarükünə malik olan ölkələrə yönəltməklə pandemiyaya son qoymaq əvəzinə, çox güman ki, virusun yayılması və mutasiyasına daha çox imkan verəcək" - deyə, Tedros bildirib.
Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına görə, hazırda dünyada 276 milyondan çox koronavirusa yoluxma və 5,3 milyon ölüm halı qeydə alınıb. ABŞ 51 milyondan çox təsdiqlənmiş yoluxma və 810 mindən çox ölüm halları ilə dünyada birinci yerdədir.
Tedros onu da vurğulayıb ki, peyvənd bərabərsizliyi pandemiyanın davam etməsinə imkan verəcək. O, peyvəndin ilkin dozalarını ala bilməyən ölkələrin virusun mutant variantlarının yarandığı meydana çevriləcəyini bildirib.
Cənubi Afrika kimi ölkələrdə aşağı peyvənd nisbətləri infeksiyanın yayılması və əhəmiyyətli dərəcədə mutasiyaya uğraması üçün ideal şərait yaradır. İmmun sistemi zəif olan insanlar virusa qarşı daha həssas olur, çünki virus həmin insanların orqanizmində uzun müddət yaşaya bilər.